Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olmuşdur. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. Ümummilli Lider xalqın dini-mənəvi, milli dəyərlərinin qorunub saxlanılması istiqamətində çox mühüm işlər görmüşdür. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutudur.

Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq daha da gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir.

Prezident İlham Əliyevi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladılar.

Azərbaycan Prezidentinin şərəfinə kilsə zəngi çalındı.

Dövlətimizin başçısına duz-çörək təqdim edildi.

Azərbaycan Prezidenti Moskva Patriarxlığının nümayəndələri, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Yeparxiyasının vikariyi, Verey arxiyepiskopu Yevgeni, protoierey Vsevolod Çaplin, Azərbaycandakı dini icmaların rəhbərləri və digər qonaqlarla görüşdü.

Prezident İlham Əliyev əvvəlcə Jen-Mironosits kilsəsində oldu.

Burada kilsə xoru dua oxudu.

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr kilsənin tarixi barədə məlumat verdi. Bildirildi ki, Müqəddəs Jen-Mironosits kilsəsi 1907-ci ildə tikilmişdir. 2001-ci ildə burada aparılan yenidənqurma işlərindən sonra ulu öndər Heydər Əliyev dini məbədin açılış mərasimində iştirak etmişdir. Bununla da kilsədə Azərbaycanda yaşayan pravoslavların dini ayinlərini rahat icra etmələri üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi ilə tanış oldu. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilmişdir. 2012-ci ildə başlanılan tikinti işləri nəticəsində dördmərtəbəli binada məhs otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün otaqlar, kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbinin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, buradakı müxtəlif dini komitələr - yeparxiya, kanonik ayinlər, kataxizasiya, eləcə də kilsə mediası üçün ayrıca otaqlar nəzərdə tutulmuşdur. Mərkəzdə kitabxana da fəaliyyət göstərir, qonaqlar üçün xüsusi otaqlar vardır.

Bakı və Azərbaycan Yeparxiyası adından Prezident İlham Əliyevə “Fərəh və Təsəlli” adlı Müqəddəs Məryəmin ikonası hədiyyə edildi.

Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra Prezident İlham Əliyev çay süfrəsi arxasında mərasim iştirakçıları ilə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

-Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzinin açılışı münasibətilə hamımızı təbrik edirəm. Bu, ölkəmizin həyatında əlamətdar hadisədir. Biz bunu çoxdan gözləyirdik və əlbəttə, belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir.

Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyəti böyük tarixə malikdir. Lakin təəssüf ki, bütün başqa dini abidələr kimi, Müqəddəs Jen-Mironosits kilsəsi də dağıntılara məruz qalmışdır. Məscidlərin də, sinaqoqların da, katolik kilsəsinin də aqibəti belə olmuşdur. Sovet hakimiyyətinin ilk illərində onların çoxu dağıdılmış, lakin indi hamısı bərpa edilmişdir. Əlbəttə, bu dini abidənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Rus Pravoslav Kilsəsinin hər iki başçısı – Müqəddəs II Aleksi və Müqəddəs Kiril bu kilsəyə baş çəkmişlər. Hər ikisi burada olmuşdur. Yəqin ki, Rusiya hüdudlarından kənarda Rus Pravoslav Kilsəsinin iki patriarxının baş çəkdiyi və xeyir-dua verdiyi kilsələrin sayı o qədər də çox deyildir.

Əlbəttə, kilsənin nəzdində Yeparxiyanın rəhbərliyi üçün ofis kimi də xidmət edən bir mədəniyyət mərkəzinin, dini-mədəniyyət mərkəzinin olması zəruri idi. Müəyyən çətinliklər də vardı, çünki 1990-cı illərin əvvəlində, Azərbaycanda hərc-mərclik, xaos dövründə çox işlər düzgün görülmürdü. O cümlədən, kilsənin ətrafındakı ərazi də əslində zəbt olunmuşdu. Lakin sonradan biz təsirli tədbirlər gördük. Bu ərazi Yeparxiyaya verildi və Azərbaycan dövləti burada belə bir gözəl bina inşa etdi. Bu da Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu kilsənin böyük tarixi vardır. Bu məbəd keçən əsrin əvvəlində bir azərbaycanlı mesenatın fəal iştirakı ilə tikilmiş və artıq müstəqillik dövründə bir azərbaycanlı sahibkarın vəsaiti hesabına bərpa edilmişdir. Dini-mədəniyyət mərkəzi isə Azərbaycan dövlətinin vəsaiti ilə tikilmişdir. Bu, çox müsbət təcrübədir. Belə bir təcrübənin dərin kökləri var. Eyni sözləri məscidlərin bərpası barədə də demək olar. Onlar əsasən dövlət vəsaitləri hesabına bərpa edilmişdir. Eyni sözləri sinaqoq haqqında da demək olar, o da dövlət vəsaiti ilə tikilmişdir, katolik kilsəsinin bərpasında da dövlət iştirak etmişdir.

Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən biri də Azərbaycanda, Şamaxıda yerləşir. 743-cü ildə tikilmiş həmin məscid bu il bərpa olunmuşdur. Bakıdakı Atəşgah da bizim tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. Katolik kilsəsi də bərpa edilmişdir, sinaqoqlar da tikilir. Yəni, bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti də, necə deyərlər, yanaşı dayanır.

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu günlərdə keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda multikulturalizm ən çox müzakirə edilən mövzu idi. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır. Buna görə də bugünkü hadisə sadəcə Azərbaycanda Rus Pravoslav Kilsəsinin normal fəaliyyəti üçün şərait yaradılmasından daha vacib məna daşıyır. Bu, böyük rəmzi məna daşıyır. Bu gün bu hadisə ölkəmizin, xalqımızın tarixinə əsaslanır, bizim həyata keçirdiyimiz siyasətin nəticəsidir. Müsəlmanların, pravoslavların, katoliklərin və yəhudilərin bütün tədbirlərində, bütün bayramlarında bütün konfessiyaların rəhbərləri həmişə bir yerdə, bir masa arxasında olur. Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən biridir.

Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Çox şadam ki, bu gün biz gözəl hadisəni birlikdə və qonaqlarımızın iştirakı ilə bayram edirik. Əminəm ki, burada işləmək üçün hər cür şərait olacaqdır. Müzakirə etdiyimiz mövzuları daim diqqət mərkəzində saxlayırıq. Bu mövzular daim çox yaxşı nəticələr verəcəkdir. Bir daha sizi təbrik edirəm, qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Bakı və Azərbaycan arxiyepiskopu ALEKSANDR dedi:

-Zati-aliləri, cənab Prezident!

İcazə verin, bu əlamətdar hadisədə iştirak etməyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirim. Siz vurğuladınız ki, bu, sadəcə Azərbaycanda Rus Pravoslav Kilsəsinin həyatına yeni təkan verən hadisə deyil, həm də multikulturalizm deyilən prosesin təzahürü olacaqdır. Əlbəttə, Heydər Əliyevin sözləri həmişə yadımdadır. Onun bir gözəl ifadəsini mən öz çıxışlarımda həmişə misal gətirirəm: “çoxmillətlilik bizim sərvətimizdir”. Bu, Azərbaycan Respublikasının daxili siyasətinin mənasıdır. Bu, çox vacibdir. Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri patriarx Kiril üç dəfə Azərbaycanda olmuşdur – bir dəfə Kilsənin xarici əlaqələr şöbəsinin sədri kimi, sonra Sizin dəvətinizlə, möhtərəm şeyximizin dəvəti ilə Rus Pravoslav Kilsəsinin rəhbəri kimi bu ilin fevral ayında Arxiyerey məclisində məruzəsinin bütöv bir abzasını Azərbaycanda dini həyatla bağlı vəziyyətə həsr etmiş, dinlərarası münasibətlərin inkişafına Sizin xüsusi töhfənizi ayrıca vurğulamışdır. Biz artıq tolerantlıq barədə, yəni bir-birimizə münasibətdə dözümlülük barədə deyil, konstruktiv dinlərarası dialoq barədə danışırıq, həyatın və cəmiyyətin din xadimləri qarşısında qoyduğu müxtəlif problemləri birgə səylərimizlə həll etməyə çalışırıq.

Zati-müqəddəsləri Patriarx Kiril bu əlamətdar hadisə münasibətilə təbrik göndərmişdir.

X X X

Verey Arxiyepiskopu YEVGENİ dedi:

-Zati-aliləri, çox hörmətli cənab prezident.

Zati-müqəddəsləri möhtərəm şeyx.

Diplomatik korpusun hörmətli nümayəndələri.

Dini konfessiyaların nümayəndələri.

Əziz bacılar və qardaşlar.

Əziz dostlar.

Bu gün təkcə Rus Pravoslav Kilsəsinin və Bakı Yeparxiyasının həyatında deyil, həm də Azərbaycan Respublikasında çox mühüm bir hadisə baş verir. Dövlət başçısının, respublika Prezidentinin burada iştirak etməsi bugünkü hadisəyə xüsusi əhəmiyyət verir.

Hörmətli cənab Prezident, Siz artıq bu hadisənin xüsusi əhəmiyyətini və vacibliyini qeyd etdiniz. Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri Patriarx Kiril bu cür hadisələrə həmişə xüsusi diqqət yetirir və o da təbrik göndərmişdir. Həmin təbriki oxumaq şərəfi mənə nəsib olmuşdur.

Verey Arxiyepiskopu Yevgeni Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin təbrikini oxudu:

“Zati-müqəddəsləri, Bakı və Azəbaycan arxiyepiskopu Aleksandra.

Bakı şəhərində pravoslav dini-mədəniyyət mərkəzinin təntənəli açılış mərasiminin iştirakçılarına.

Zati-müqəddəsləri.

Əziz qardaşlar və bacılar.

Azərbaycan paytaxtında pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı mərasiminin bütün iştirakçılarını ürəkdən salamlayıram. Əlamətdar haldır ki, bu mühüm hadisə Müqəddəs Jen-Mironosits Kafedral Kilsəsinin bərpasının on illiyi ilə bir vaxta düşmüşdür.

Fərəhlə qeyd edirəm ki, Azərbaycan dövlətinin rəhbərliyi ölkənin pravoslav icmasının ehtiyaclarına diqqətlə yanaşır və Bakı Yeparxiyasının bir sıra layihələrini fəal dəstəkləyir. Pravoslav Dini-Mədəniyyət Mərkəzinin inşası üçün torpaq sahəsi ayrılması barədə prinsipial qərar qəbul etmiş və bu mühüm təşəbbüsün həyata keçirilməsinə yardım göstərmiş Prezident İlham Heydər oğlu Əliyevin xidmətlərini xüsusi qeyd etmək istərdim.

Zati-müqəddəslərinizə və təntənəli tədbirin bütün iştirakçılarına möhkəm cansağlığı, xeyirxah əməllərinizdə və təşəbbüslərinizdə Ulu Tanrıdan kömək arzulayıram. Tanrıdan hamınıza mərhəmət diləyirəm.

Moskvanın və bütün Rusiyanın patriarxı Kiril”.

X X X

Prezident İlham ƏLİYEV:

- Sağ olun. Zati-müqəddəslərinə mənim təşəkkürümü çatdırmağınızı xahiş edirəm. Bu məktuba görə mənim adımdan ona təşəkkür edin. Bakıda onunla görüşlərimizi xatırlayıram. Bu görüşlər mənim yaddaşımda silinməz iz qoymuşdur. Biz diqqət tələb edən çox mühüm məsələləri, o cümlədən ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafı məsələlərini müzakirə etmişik. Bizim aramızda tam qarşılıqlı anlaşma var və baxışlarımız üst-üstə düşür.

Onu da deməliyəm ki, kilsə təltiflərinə, kilsənin iki mükafatına layiq görüldüyüm üçün qürur duyuram. Zati-müqəddəsləri Patriarx II Aleksi məni Birinci dərəcəli “Sergi Radonejski” ordeni ilə, Zati-müqəddəsləri Patriarx Kiril isə Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə təltif etmişdir. Beləliklə, Rus Pravoslav Kilsəsi məni kilsənin iki təltifinə layiq görmüşdür və yəqin ki, bu təltiflər Azərbaycanda dinlərarası dialoq çərçivəsində, ölkəmizdə yaşayan xalqlar arasında, bütün dinlərin nümayəndələri arasında münasibətlərin möhkəmlənməsi çərçivəsində görülən işləri əks etdirir.

Möhtərəm arxiyepiskop Aleksandrın qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, çoxmillətlilik bizim sərvətimizdir. Bu, həqiqətən belədir. Biz xoşbəxtik ki, müstəqillik dövründə cəmiyyətin inkişafının müsbət meyillərini qoruyub saxlamışıq. Multimədəni cəmiyyət qurulması işində qazandığımız uğurlar ölkəmizdə yaşayan bütün xalqların və bütün dinlərin nümayəndələrinin ümumi xidmətidir.

Artıq qeyd etdiyim kimi, Azərbaycanda bu istiqamətdə də çox ciddi dövlət siyasəti həyata keçirilir. Lakin belə demək mümkündürsə, ictimai sifariş olmasa, dövlətin bu siyasətinin səmərəsi olmazdı. Mənim fikrimcə, vəziyyətin nadirliyi məhz ondan ibarətdir ki, cəmiyyət də, Azərbaycandakı bütün xalqların və dinlərin nümayəndələri də, dövlət də öz qarşısında cəmiyyətin qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında yaxınlaşması, birləşməsi məqsədini qoymuşdur.

Azərbaycanın pravoslav icmasının nümayəndələri Azərbaycan dövlətinin çox böyük vətənpərvərləridir. Onlar ölkəmizin inkişafına, mədəniyyətin, incəsənətin, təhsilin, iqtisadiyyatın inkişafına böyük töhfələr verirlər. Biz bunu çox qiymətləndiririk, bu, bizim sərvətimizdir. Bir daha demək istəyirəm, cəmiyyət o vaxt sağlam olur ki, həm ölkənin inkişafının qlobal məsələlərinə, həm də millətlərarası, dinlərarası dialoq məsələlərinə dair ictimai konsensus mövcud olsun. Mənim fikrimcə, indiki halda bu amil Rusiya ilə Azərbaycan arasında çox səmərəli, dinamik, müsbət istiqamətdə inkişaf edən dövlətlərarası münasibətlərin möhkəmlənməsində də çox mühüm rol oynayır. Biz hamımız bir məqsədə - quruculuq, inkişaf, dostluğun, qarşılıqlı anlaşmanın, dözümlülüyün və həmrəyliyin möhkəmlənməsi kimi nəcib məqsədə xidmət edirik. Bir daha xahiş edirəm, bu məktuba görə mənim ən xoş arzularımı və təşəkkürümü çatdırın.

 

X X X

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:

- Biz əlbəttə, bu gün çox sevinirik ki, burada bir yerdə görüşürük. Deyə bilərəm ki, bu gün tolerantlıq günüdür. Bununla bərabər, cənab Prezident, Sizin bu gün buraya gəlməyiniz və bir masa arxasında birlikdə əyləşməyimiz artıq ənənə halı almışdır. Bu ənənənin bünövrəsini qoyan dostum, qardaşım ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. O, həmişə bu gün bizi yığardı, bizimlə danışardı və bizə tövsiyələr edərdi. Bu gün onun bəhrəsini görürük və Siz də bunu davam etdirirsiniz.

Əlbəttə, bizi çox sevindirir ki, Azərbaycan dövləti son illərdə böyük uğurlar qazanmışdır. Mən fəxr edirəm ki, bizim belə Prezidentimiz vardır. Budəfəki Prezident seçkiləri Həcc ziyarəti dövrünə, Qurban bayramı ərəfəsinə təsadüf etmişdir. Ziyarətdə olan dindarlarımız müqəddəs Məkkədə Prezidentimizə səs vermiş, dualar etmişlər. Demək istəyirəm ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünya dövlətləri onun təcrübəsini öyrənə bilərlər.

Əlbəttə ki, bizim bir-birimizə münasibətimiz, din-dövlət münasibətləri də çox yüksək səviyyədə inkişaf edibdir. Əgər dövlətimizin rəhbəri bizə diqqət və qayğı göstərməsəydi, əlbəttə, biz dindarlar bu işləri görə bilməzdik. Ona görə də biz Sizə təşəkkürümüzü bildiririk, Prezident həzrətləri. Siz həmişə dinindən, dilindən asılı olmayaraq bütün dindarlara öz xoş münasibətinizi bildirmisiniz. Bu gün Sizin burada iştirakınız özü də elə bunun əyani sübutudur.

Qaldı ki, bizim Rusiya ilə, rus-pravoslav kilsəsi ilə olan qardaşlıq münasibətlərimizə bu gün də davam edir və inşallah, bundan sonra da davam edəcəkdir. Bu günlərdə mən patriarx həzrətlərindən bir məktub almışam. Məktubda gələcəkdə birgə sammitin keçirilməsi təklif olunur. Hələ tam razılaşdırılmayıb, ola bilər ki, bu sammit 2014-cü ildə Rusiyada, yaxud Azərbaycanda keçirilsin.

Ona görə də biz Sizə minnətdarlığımızı bildirmək istəyirik. Mən istərdim bütün dindarlar, buradakı iştirakçılar adından üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edim, Allah-Təaladan Sizə, ailənizə cansağlığı diləyim. Allah-Təala bir xalqı istəyəndə həmişə ona müdrik dövlət rəhbəri göndərir ki, o xalq öz doğru yolunu tapa bilsin. Allah-Təala da Heydər Əliyevi, Sizi bizə doğru yol göstərmək üçün müdrik bir şəxs, rəhbər göndərib. Allah-Təala Heydər Əliyevə rəhmət etsin. Sizə gələcəkdə xoşbəxtlik arzu edirəm. İnşallah, hələ çox böyük işlər görəcəksiniz. Allah Sizi qorusun. Sağ olun.

 

X X X

Sonra Bakı dağ yəhudiləri dini icmasının sədri Milix YEVDAYEV çıxış etdi:

- May ayında biz Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin tərkibində İsraildə olduq. Knessetin sədri ilə görüşdə dedim ki, Azərbaycan Prezidenti yaxın vaxtlarda bizə - yəhudilərə gözəl bir sinaqoq hədiyyə etmişdir.

Oktyabrın 14-dən 17-dək Kiyevdə antisemitizmə qarşı mübarizəyə həsr edilmiş beynəlxalq forum keçirilirdi. Həmin foruma mən də dəvət edilmişdim. Mən dedim ki, bizim Azərbaycanda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Belə hal yoxdur. Nə üçün? Ona görə ki, Ulu Öndərin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin nəticəsidir. Azərbaycanda əsrlər boyu tolerantlıq olmuşdur, var və olacaqdır.

 

X X X

 

Protoierey Vsevolod ÇAPLİN dedi:

- Moskvanın və bütün Rusiyanın Zati-müqəddəs patriarxları – mərhum Patriarx Aleksi və indiki Patriarx Kiril Azərbaycanda kilsə ilə dövlət arasında və dinlərarası münasibətlərin vəziyyətini qiymətləndirmişlər. Bu gün baş yepiskop Patriarx Kirilin Arxiyerey məclisində son məruzəsini xatırladı. Arxiyerey məclisi müəyyən dövriliklə keçirilir. Qeyd etməliyəm ki, Avrasiyanın bir sıra ölkələrində kilsə-dövlət münasibətlərində müəyyən mürəkkəbliklər olduğuna baxmayaraq, bir neçə il bundan əvvəl mərhum Patriarx da, indiki Patriarx da Azərbaycanda həm bizim kilsənin vəziyyəti, həm də dinlərarası dialoq sahəsində olan təcrübə barədə həmişə yalnız müsbət fikir söyləmişlər. Biz təkcə kilsənin həyatı ilə bağlı məsələləri müzakirə etmirik, Avrasiyada və dünyada dinlərarası dialoqun perspektivlərini də Zati-müqəddəsləri Şeyx ilə və ölkənin digər dini icmaları ilə birlikdə müzakirə edirik. Müəyyən yeni təşəbbüslər vardır. Biz bu müsbət təcrübəmizin, birgə fəaliyyət təcrübəmizin, ünsiyyət təcrübəmizin xristianlarla müsəlmanların münasibətləri, dinin və dövlətin münasibətləri, dinlərarası sülhyaratma dialoqu sahəsində dünyada baş verənlərə daha çox təsir göstərməsi üçün Rusiyada da, Bakıda da görüşəcəyik.

 

X X X

 

Prezident İlham ƏLİYEV:

- Siz tamamilə haqlısınız. Buna böyük ehtiyac vardır. III Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinə əsasən beynəlxalq əməkdaşlığın bu cür formatı artıq yaranmışdır. Biz bundan əvvəl də dünya dinlərinin liderlərinin zirvə görüşünü keçirmişik. Bu iki format bir-birini tamamlayır, çünki dinlərarası münasibətlərin gələcək inkişafına dair ciddi diskussiyalara və ümumi yanaşmalar işləyib hazırlamağa ehtiyac çoxdur çünki dünyanın müxtəlif hissələrində - həm Yaxın Şərqdə, həm də Avropada baş verən proseslər bizi düşünməyə vadar edir və narahatlıq doğurur. Bəzən yaxınlaşma prosesi əvəzinə ayrılma prosesi gedir. Bəzən müəyyən bəyanatlar və ya hərəkətlər həmrəyliyə deyil, əksinə, etimadsızlığa səbəb olur. Ona görə də, mənim fikrimcə, bu halda bütün xalqlar arasında müsbət əməkdaşlıq tarixinə malik olan ölkələrin, çoxmillətli ölkələrin təcrübəsinə əsaslanmaq lazımdır. Zənnimcə, bu halda Rusiya və Azərbaycan qlobal miqyasda məhz dinlərarası, mədəniyyətlərarası dialoqun birləşdirici amili ola bilər. Ona görə ki, burada oxşar cəhətlər, əlaqələr çoxdur. Bundan əlavə, biz iki qonşu dövlətik, Qafqaz da bizi birləşdirir, Rusiya və Azərbaycan iki Qafqaz ölkəsidir. Buna görə din xadiminin, hörmətli insanın sözü həmişə sanballı olmuşdur. İndiki halda dövlətin siyasəti və din tamamilə eyni məcrada həyata keçirilir. Məqsədlər eynidir – inkişaf, rifah, dəyərlər, qloballaşma dövründə ənənəvi dəyərlərin itirilməməsi, gənc nəslin özünün etnik və dini köklərindən ayrılmaması. İdentiklik itirilməməlidir, qloballaşma adı altında cəmiyyətin mənəvi əsasları sarsıdılmamalıdır. Bu əsaslar olmadan heç bir ölkə, heç bir xalq mövcud ola bilməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdurAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub