Ekspert: Elektrik stansiyalarında istifadə olunan yanacağın optimallaşdırılması daha çox təbii qazı ixraca yönəldəcək VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Son illər Azərbaycanda elektroenergetika sahəsində çox böyük işlər görülüb. Ölkə həm ilbəil elektrik enerjisi istehsalını artırır, həm də bu sahədə potensialını yüksəldir. Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerjinin payını ən azı 30 faizə çatdırmağı hədəfləyir. Bu hədəf müəyyənləşdirilərkən ümumi enerji istehsalında pay cəmi 4-5 faiz təşkil edirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, imzalanmış müqavilələr və bərpaolunan enerji layihələri bu hədəfə çatmaq üçün ciddi baza formalaşdırır.
“Artıq Günəş panelləri və külək elektrik stansiyaları əsasında elektrik enerjisi istehsalı istiqamətində ümumi gücü 6500 meqavat olan müqavilələr imzalanıb. Eyni zamanda, 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi çərçivəsində də bu ərazilərdə energetika infrastrukturunun inkişafına ciddi investisiyalar yatırılır. Həmin ərazilərdə su elektrik stansiyalarının, Günəş panelləri əsasında elektrik stansiyalarının, eləcə də ənənəvi istilik elektrik stansiyalarının qurulması istiqamətində işlər görülür.
Azərbaycanın enerji paytaxtı Mingəçevir hesab olunur. Ölkənin ümumilikdə 9000 meqavatlıq enerji potensialının 2200 meqavatı əvvəllər Mingəçevir SES-də istehsal olunurdu. Bu şəhərdə “8 Noyabr” Elektrik Stansiyası istismara veriləndən sonra Mingəçevirin ümumi enerji istehsalı gücü 4000 meqavata qədər yüksəlib. Yeni istismara verilmiş elektrik stansiyası həm investisiya baxımından əlverişli, həm də yanacaq sərfiyyatı baxımından səmərəli layihədir. Eyni zamanda, elektrik stansiyalarında istifadə olunan yanacağın miqdarının optimallaşdırılması nəticəsində daha çox təbii qazın ixrac üçün yönəldilməsi mümkün olacaq. Bu baxımdan layihənin ölkənin qaz ixracı imkanlarının genişləndirilməsinə də dolayı təsiri var”, - deyə iqtisadçı ekspert bildirib.
X.Kərimli qeyd edib ki, son illərdə qeyri-neft sektoru ixracında elektrik enerjisi əsas ixrac məhsulları sırasında yer alır: “Ötən il bu istiqamətdə də əhəmiyyətli ixrac həyata keçirilib. Təxminən 28 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub və bunun təqribən 5 faizi, yəni 1,4 milyard kilovat-saatlıq hissəsi ixraca yönəldilib. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri qarşıdakı illərdə elektrik enerjisinin Avropaya ixracının genişləndirilməsidir. Bu çərçivədə ilkin mərhələdə Rumıniya və Macarıstan da daxil olmaqla Avropa ölkələrinə Qara dənizin dibi ilə elektrik enerjisinin, xüsusilə bərpaolunan mənbələr əsasında istehsal olunan yaşıl enerjinin ixracı nəzərdə tutulur. Qarşıdakı illərdə planlaşdırılan 3-4 giqavatlıq layihələrin icra olunması Azərbaycanın ixrac strukturunda elektrik enerjisinin payını əhəmiyyətli dərəcədə artıracaq. Bu isə Azərbaycanın yalnız ənənəvi enerji resurslarının deyil, eyni zamanda, yaşıl enerjinin də mühüm ixracatçılarından birinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır”.