Alparslan Bayraktar: Azərbaycan-Naxçıvan-Türkiyə elektrik interkonnektoru layihəsində mühüm mərhələ geridə qalıb VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında elektrik enerjisi əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlər diqqətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, xüsusilə Azərbaycan-Naxçıvan-Türkiyə elektrik enerjisi interkonnektoru layihəsinin mühüm mərhələsi geridə qalıb və aparılan texniki qiymətləndirmələr nəticəsində ən uyğun variant müəyyənləşdirilib.
Nazirin sözlərinə görə, layihənin texniki baxımdan daha da yetkinləşdirilməsi və növbəti icra mərhələsinə keçirilməsi üçün zəmin yaranıb.
Alparslan Bayraktar, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirən yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin regional əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu layihəni yalnız infrastruktur layihəsi kimi deyil, qarşılıqlı faydaya əsaslanan uzunmüddətli regional enerji əməkdaşlığının təməlini yaradan strateji addım kimi görürük”, - deyə Türkiyənin energetika və təbii sərvətlər naziri bildirib.