CƏMİYYƏT
7 aprel - Ümumdünya Səhiyyə Günüdür
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 7-si hər il Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur. 2013-cü ildə bu gün “Duz qəbulunun azaldılması yüksək arterial təzyiq və insultun qarşısının alınmasında əsas məqamdır” başlığı altında keçiriləcəkdir.
Qeyd edək ki, yüksək arterial təzyiq əksər insanlarda gizli keçir. Dünyada böyüklər arasında hər üç nəfərin birindən çox rast gəlinir və ürəyin işemik xəstəliyi, eləcə də işemik və hemorragik insultlar üçün əsas risk amilini təşkil edir. Bu patologiyanın hər il 7,5 milyon ölümə səbəb olduğu təxmin edilmişdir ki, bu rəqəm də dünyada bütün səbəblərdən ölümlərin 12,8 faizini təşkil edir.
Bundan əlavə, yüksək arterial təzyiq həyat müddəti nəzərə alınmaqla 57 milyon əlillik hadisəsinə səbəb olur.
Dünya miqyasında, nəzarət edilməyən hipertenziyadan əziyyət çəkən xəstələrin sayı 1980-ci ildə 600 milyondan 2008-ci ildə 1 milyardadək artmışdır.
Qeyd edək ki, 25 yaşdan yuxarı şəxslər arasında hipertenziyanın rast gəlmə tezliyi 2008-ci ildə dünya üzrə 40 faizini təşkil etmişdir.