REGİONLAR
Gözdən əlillər Şamaxıda təşkil olunan humanitar aksiyadan bəhrələniblər VİDEO
Şamaxı, 24 dekabr, Adil Ağayev, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən dekabrın 24-də Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq keçirilən bu xeyriyyə aksiyasında Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan 30 nəfər gözdən əlil şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəliklərinə tutulan insanların əlilliyinin qarşısının alınması məqsədilə keçirilən bu humanitar aksiyada iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib ki, Prezident İlham Əliyevin ölkədə əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq nazirlik tərəfindən məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq Şamaxı, İsmayıllı və Qobustan rayonları üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan və müalicə ilə reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan cərrahi əməliyyat etdirə bilməyən gözdən əlil şəxslər səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilən səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən gözdən əlil şəxslər ətraflı tibbi müayinə edilib və onlara müvafiq müalicə prosedurları tətbiq olunub.
Bununla yanaşı, səyyar klinikada müxtəlif göz xəstəliklərindən əziyyət çəkən və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.
Göz əməliyyatından uğurla çıxan Şamaxının 74 yaşlı sakini Sədədə Vəliyeva, İsmayıllıdan 80 yaşlı Şərqiyyə Bağırova, həmin rayonun Sərdahar kəndinin 78 yaşlı sakini Xansoltan Ağayeva və onların doğmaları bu humanitar aksiyadan razılıqlarını bildiriblər.
Xidmətdən yararlanan insanlar bu xeyriyyə tədbirinin Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyi üçün məmnunluqlarını bildirib, ölkədə əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına, habelə tibbi-sosial reabilitasiyasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək ona uzun ömür, cansağlığı arzulayıblar.