REGİONLAR
İsmayıllıda keçirilən etno-irs günləri başa çatıb VİDEO
İsmayıllı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 24-27-də İsmayıllı şəhərindəki Heydər Əliyev parkında tələbə gənclərin iştirakı ilə etno-irs günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, milli-mədəni irsimizin, adət-ənənələrimizin təbliği və qorunub saxlanılması məqsədilə reallaşdırılan bu layihənin axırıncı günü təntənəli təşkil olunub.
Çoxsaylı tamaşaçı kütləsi tədbir çərçivəsində gənc aktyor və tələbələrin, eləcə də rayonun mədəniyyət işçilərinin, qəsəbə və kəndlərin folklor qruplarının ifasında Azərbaycan xalqının qədim rəqslərini və toqqamərə kimi xalq oyunlarını, milli musiqi nümunələrini böyük maraqla izləyiblər.
Qonaqların adət-ənənələrimiz və milli mətbəximizlə daha yaxından tanış olmaları məqsədilə yeməklərin hazırlanma qaydaları da nümayiş etdirilib. Arzu edənlər bu yeməklərdən həvəslə dadıblar.
Lahıc, Basqal və digər qəsəbə və kəndlərin misgərlərinin, zərgərlərinin, kəlağayı ustalarının, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri hər kəsdə böyük maraq doğurub.
Etno-irs günlərində 100-ə yaxın gənc aktyor, tələbə, eləcə də İsmayıllı rayonunun sənətkarları iştirak ediblər. Mollaisaqlı, Hacıhətəmli, Kürdmaşı kəndlərinin folklor qruplarının milli geyimlərdə gözəl ifaları tədbirə əlavə rəng qatıb.