CƏMİYYƏT
Portuqaliyanın Kaskaiş şəhəri Avropanın 2018-ci il üçün gənclər paytaxtı seçilib VİDEO
Madrid, 27 noyabr, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə Avropanın 2018-ci il üçün gənclər paytaxtının seçilməsi ilə bağlı tədbir təşkil olunub. Tədbirdə 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilən Gəncə şəhərinin nümayəndə heyəti də iştirak edib.
Əvvəlcə Avropa Gənclər Forumu tərəfindən təsis olunan gənclər paytaxtı layihəsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, gənclər paytaxtı adı bir il müddətinə verilir. Bir il ərzində həmin şəhərin gənclər üçün mədəni, idman, ictimai-siyasi tədbirlər keçirmək, Avropanın hər yerindən olan gənclərin yerli gənclərlə bərabər şəhərin həyatında iştirak etmələrinə şərait yaratmaq imkanı var. 2009-cu ildən bəri Rotterdam, Turin, Antverpen (Belçika), Braqa (Portuqaliya) və Maribor (Sloveniya), Kluj-Napoka (Rumıniya) şəhərləri Avropanın gənclər paytaxtları olub. 2016-cı ildə bu estafeti Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə qəbul edəcək.
Daha sonra “Gəncə Avropa Gənclər Paytaxtı–2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin təqdimatı ilə çıxış edib, həyata keçiriləcək layihələrdən bəhs edib, ölkəmiz barədə ətraflı məlumat verib.
Tədbirdə Portuqaliyanın Kaskaiş şəhəri Avropanın 2018-ci il üçün gənclər paytaxtı elan olunub. Kaskaiş Mançester (İngiltərə), Novi Sad (Serbiya), Keskemet (Macarıstan), Perucia (İtaliya) şəhərləri arasından seçilib.
Qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin gənclər təşkilatlarının milli şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının platformasıdır. Bu platforma Avropa məkanında gənclərin ən iri və yeganə konfederativ qurumudur. Mənzil-qərargahı Belçikanın Brüssel şəhərində yerləşən bu qurum 1996-cı ildə təsis edilib. Hazırda Avropa ölkələrinin 40 gənclər təşkilatının milli Şurası və 57 Avropa səviyyəli beynəlxalq qeyri-hökumət gənclər təşkilatları platformanın üzvüdür.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid