REGİONLAR
Qubada 67 ilin “Moskviç”i 20 min manata satılır VİDEO
Quba, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba sakini satışa çıxardığı 1949-cu ilin istehsalı olan “Moskviç 400” markalı avtomobilə 20 min manat qiymət qoyub. Antik avtomobil bütün zavod detalları ilə yenidən təmir olunub və sənədləri də tam qaydasındadır.
Avtomobilin sahibi İbrahim Hacıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, antik maşını 7 il əvvəl Bakı kəndlərinin birindən alıb. O zaman avtomobil nasaz vəziyyətdə olub. Onu yenidən hərəkətə gətirmək İ.Hacıyevə heç də asan başa gəlməyib. Maşını yeniləmək üçün bəzi ehtiyat hissələrini hətta Rusiya və Ukraynadan gətirib. Məsələn, maşının salonundakı güzgünü uzun axtarışdan sonra Ukraynanın Poltava şəhərindən əldə etmək mümkün olub. Təmirdən sonra “Moskviç” tamamilə yenilənib.
İbrahim Hacıyev deyib ki, bu model avtomobillər keçmiş sovet dövründə kütləvi satış üçün istehsal edilən ilk fərdi maşınlar olub. Bu avtomobillər Almaniyaya məxsus “Opel Kadett K38” modelinin əsasında yığılıb və 1946-cı ildən istehsal olunmağa başlanılıb.
Quba şəhərində hamının maraqla qarşıladığı avtomobil yalnız xüsusi günlərdə sürülür. 70 ilə yaxın yaşı olan klassik maşından rayonda keçirilən “Alma bayramı”nda, klassik avtomobillərin yürüşündə istifadə edilib. Görənlər bu antik avtomobilin yanında şəkil çəkdirmək fürsətini əldən vermir.
İbrahim Hacıyevin kolleksiyasında başqa antik əşyalar və Quba şəhərinin tarixi fotoları da var.