REGİONLAR
Beyləqanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib VİDEO
Beyləqan, 7 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Beyləqan rayonunda inşa olunan 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 fərdi yaşayış evi respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib. Onlardan 38 nəfəri Qarabağ müharibəsi əlili, 22-si isə şəhid ailəsidir.
AZƏRTAC xəbər verir ki, mənzillərin təqdim olunması mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində daha bir qrup müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edilməsinin Ulu Öndərimiz tərəfindən əsası qoyulan sosial proqramların yüksək səviyyədə davam etdirilməsinin bir təcəssümü olduğunu deyib. Bildirib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasında həmişə xalqın maraq və mənafelərinin yüksək səviyyədə təminatı, əhalinin sosial rifah halının yüksəldilməsi dayanıb. Ulu Öndər tərəfindən görülən tədbirlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq nominal əmək haqqı 6 dəfədən çox artıb. 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxu məhz əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə yönəlib.
S.Müslümov Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafının vacib əsaslarını yaradan ümummillli lider Heydər Əliyevin, eyni zamanda, sosial cəhətdən həssas qruplarla bağlı mühüm sosial proqramlara başlanılmasını da təmin etdiyini diqqətə çatdırıb. Bildirib ki, 1997-ci ildən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına inşa edilmiş mənzillərlə təminatına başlanılıb. Ulu Öndərimizin sosial inkişaf kursunun 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi əlil və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işlərinin də ildən-ilə güclənməsinə şərait yaradıb.
Nazir qeyd edib ki, dövlətimizin başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən il və cari ilin keçən dövründə 445 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər verilib. Ümumilikdə, bu vaxta qədər 5,4 minə yaxın şəxsin mənzillə təminatı həyata keçirilib ki, həmin insanların 4905 nəfəri və ya 91 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları isə Böyük Vətən müharibəsi, Çernobıl əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir.
S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının da mütəmadi olaraq gücləndirildiyini, cari ilin yanvarında dövlətimizin başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırıldığını, həmin insanların digər sahələrdə güzəşt və imtiyazlara malik olduqularını, habelə ötən dövrdə 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təmin edildiyini bildirib.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini bu münasibətlə təbrik edən nazir onlara xoş arzularını çatdırıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər bir sahədə daim Prezidentimizin qayğısını hiss etdiklərini vurğulayıb, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan razılıqla söz açıblar. Onlar sosial təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, habelə yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin orderləri təqdim olunduqdan sonra binaya baxış keçirilib. Binadakı mənzillər su, qaz, istilik sistemi, mətbəx mebeli ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.