REGİONLAR
Ozan məscidi: Qanlı tarixin daş yadigarı VİDEO
Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin çoxəsrlik keçmişini özündə yaşadan tarixi tikililərindən biri də şəhərin Ozan məhəlləsində yerləşən məsciddir.
Abidənin giriş tağının üzərindəki kitabədən məlum olur ki, Ozan məscidi 1786-cı ildə məhəllə sakinlərinin vəsaiti hesabına inşa olunub. Abidə Gəncənin digər məhəllə məscidləri kimi minarəsiz olub, üstü günbəzlə tamamlanan dördbucaqlı plana malikdir. Məscidin tikintisində yerli qırmızı bişmiş kərpicdən istifadə olunub. Tikilinin fasadında, yan və arxa divarlarının yuxarı hissəsində kərpiclərin müxtəlif həndəsi düzümü ilə tikiliyə yaraşıq verən nisbət yaradılıb.
Hazırda şəhər kitabxanasının filialı kimi fəaliyyət göstərən abidəyə münasibət heç də həmişə birmənalı olmayıb. Zəmanəsinin 3 əsrini geridə qoyan Ozan məscidi dəfələrlə yadelli hücumlarına, qarət və qırğınlara şahidlik edib. Gəncənin ən faciəli və hüznlü günlərinin tarixi nişanəsi olan məscidin özü də bir neçə dəfə düşmənlər tərəfindən dağıntılara və yanğınlara məruz qalıb.
Bu hadisələrin biri 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq başlayan Gəncə üsyanı zamanı baş verib. Şəhər ətrafındakı kəndlərdən gələn insanların hesabına üsyançıların sayının durmadan artdığını görən bolşeviklər ənənəvi “erməni kartı”na əl atır, şəhərin ermənilər yaşayan yuxarı hissəsindən müsəlman məhəllələrini top atəşinə tuturlar. Qanlı toqquşmalarda və məhəllə döyüşlərində Gəncə üsyanının 13 min iştirakçısı, habelə uşaqlar, qadınlar, qocalar və günahsız insanlar qətlə yetirilir. Üsyan yatırıldıqdan sonra Ozan məhəlləsinin sakinləri də ağır cəzalara, dözülməz işgəncələrə məruz qalırlar.
Həmin qanlı hadisələrin şahidi, ömrünü Türkiyədə mühacirətdə keçirən gəncəli təyyarəçi Məmməd Altunbay “Azadlığa uçan türk” adlı kitabında şəhərlilərin və Ozan məscidinin faciəsini belə təsvir edib: “Başımızı geriyə çevirəndə dəhşətdən donub qaldıq, gözlərimizə inanmadıq. Ermənimi, rusmu olduqlarını anlaya bilmədiyimiz iki əsgərin havaya qaldırdıqları süngülərin ucunda iki balaca çocuq çırpınırdı. Gözü qızmış o əsgərlərin süngü tutan əllərindən yerə qan sızırdı... Ozan camisinin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaradırdı... Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət, qaralıb qalan üzlər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı. Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı...”.