İQTİSADİYYAT
ABƏŞ “AZƏRİ” LAYİHƏSİ ÜZRƏ MÜQAVİLƏLƏR İMZALAYACAĞI ŞİRKƏTLƏRİN ADLARINI ELAN ETMİŞDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilməsinin bir hmssəsi olan “Azəri” layihəsi üzrə müqavilələr imzalayacağı şirkətlərin adlarını elan etmişdir. ABƏŞ-in mətbuat xidmətinin məlumatına görə, həmin şirkətlər Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların tammiqyaslı işlənilməsi üzrə Faza-2 layihəsinə bu yaxınlarda sanksiya verilməsindən sonra seçilmişdir.
ABƏŞ-in səhmdarları bp, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “EksonMobil”, “TPAO”, “Devon”, “Delta Hess” şirkətləridir.
Həmin müqavilələr aşağıdakılardır:
-Qərbi Azəri və Şərqi Azəri platformalarının üst modullarının Azərbaycanın “Şelflayihətikinti” (ŞLT) İstehsalat Birliyinin tikinti-quraşdırma sahəsində hazırlanması üçün MakDermott Caspian Contractors, İnc (ŞLT) birgə müəssisəsi ilə müqavilə;
-Kompressor və Suvurma platformasının (KSP) üst modullarının Azərbaycanın “Xəzərdənizqazmatikinti” trestində hazırlanması üçün Azfen/Tekfen/AMEK (ATA) konsorsiumu ilə müqavilə;
-Qərbi Azəri və Şərqi Azəri platformalarının yaşayış bloklarının İsveçdə layihələşdirilməsi, alınması və quraşdırılması üçün Pharmadule Emtunga AB İnternational şirkəti ilə müqavilə;
-Qərbi Azəri və Şərqi Azəri platformalarının dayaq bloklarının ŞLT-nin tikinti-quraşdırma sahəsində quraşdırılması üçün Bouygues Offshore Construction/ŞLT birgə müəssisəsi ilə müqavilə;
-Qərbi Azəri və Şərqi Azəri platformalarının qazma modullarının layihə-texniki işlərinin görülməsi və alınması üçün böyük Britaniyanın KCA Deutag şirkəti ilə müqavilə;
-“Azəri” yatağından Səngəçal terminalınadək 28 düyməlik qaz kəmərinin çəkilişi üçün MakDermott Caspian Contractors, İnc şirkəti ilə bağlanmış mövcud müqavilənin müddətinin uzadılması;
-Bakıda 28 düyməlik qaz kəmərinin betonlaşdırılması üçün Azpetrol və Eupek Pipecoatinga alyansı ilə müqavilə;
- Səngəçal terminalını qazın şelf nöqtəsinə nəzarət qurğusu ilə təmin etmək üçün Kanadanın Rvaerner Process Sistems şirkəti ilə müqavilə.
ABƏŞ bu şirkətləri 6 ay çəkən rəqabətə davamlı hərtərəfli tenderlər prosesi keçirməklə və hazırda Bakıda yataqların işlənilməsi gedişində toplanmış təcrübəyə əsaslanaraq seçmişdir. Hazırda müqavilələrin yekun şərtləri təkmilləşdirilir, onların imzalanması isə cari ilin oktyabr-noyabr aylarında nəzərdə tutulmuşdur.