ELM VƏ TƏHSİL
ABŞ-IN AZƏRBAYCANDA 2003/2004-CÜ DƏRS İLİ ÜÇÜN TƏHSİL PROQRAMLARI AÇIQLANMIŞDIR
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Nensi MakEldauni iki dövlət arasında əməkdaşlığın inkişafında təhsil proqramlarının rolunu vurğulayaraq demişdir ki, son 10 ildə ABŞ hökuməti Azərbaycanda təhsilin inkişafına 40 milyon dollar yönəltmişdir. 1993-cü ildən bəri Azərbaycanın 2 mindən çox vətəndaşı ABŞ-da oxumaq imkanı almış, ölkələrimizin universitetləri arasında isə sıx əlaqələr yaradılmışdır.
ABŞ ilə Azərbaycan arasında uzunmüddətli strateji əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Birləşmiş Ştatların təhsil proqramlarının respublikada uğurlu fəaliyyəti bu əməkdaşlığın rəhnidir. Amerika hökuməti bu təhsil proqramlarının dəstəklənməsini bundan sonra da davam etdirəcəkdir.
Təhsil nazirinin müavini Elmar Qasımov çıxışında bildirmişdir ki, son 10 ildə ölkədə təhsil sahəsinin sürətlə inkişafı müşahidə olunur. Bu, Azərbaycan Prezidenti Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. E.Qasımovun sözlərinə görə, ABŞ Dövlət Departamenti Azərbaycanda mübadilə üzrə təhsil proqramlarının dəstəklənməsinə hər il 6-7 milyon dollar ayırır.
O, “Ahəngdarlıq layihəsi” proqramının əhəmiyyətini xüsusi vurğulayaraq demişdir ki, bu proqram çərçivəsində respublikanın 25 məktəbində kompüter mərkəzləri açılmışdır və onlardan hər birinin dəyəri 18-25 min dollardır. Bu ildən respublikanın digər bölgələrində də kompüter mərkəzləri açılacaqdır. “Ahəngdarlıq layihəsi” sayəsində 2003-2004-cü dərs ilində daha 25 məktəb kompüterləşdiriləcəkdir.
Mətbuat konfransında ACCELS, İREX, “Ahəngdarlıq layihəsi” təhsil proqramlarının nümayəndələri də çıxış etmiş, ABŞ-ın “Sülh korpusu” təşkilatının fəaliyyəti barədə məlumat verilmişdir.