DÜNYA
ABŞ-da intiharlar, yüksək dozada narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb
Vaşinqton, 20 iyun, AZƏRTAC
ABŞ-da intiharlar, yüksək dozada artıq narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb. Nəticədə orta ömrün uzunluğu azalır, vaxtsız ölüm hallarının sayı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlar səhiyyəyə dəstək üzrə “Birlik Fondu” adlı ictimai qrupun hesabatında öz əksini tapıb. Hesabatda 47 müxtəlif göstərici, o cümlədən ölüm hallarının sayı, tibbi xidmətdən istifadə imkanı, tibbi yardımın keyfiyyəti, piylənmə və siqaretçəkmə kimi göstəricilər əsasında qiymətləndirmə aparılması təklif olunur.
Alkoqoldan sui-istifadə və intihar ilə bağlı ölüm halları ölkənin qərb ştatlarında nisbətən az yayılıb. Men, Nyu-Hempşir, Vermond, Massaçusets, Rod-Aylend, Konnektikut ştatlarında və cənub-şərq bölgəsindəki ştatlarda isə yüksək dozada narkotiklər qəbulu ilə bağlı ölüm hallarının artması bildirilir. Bu böhrana şərait yaradan səbəblər öldürücü təsir göstərən fentanil kimi sintetik narkotik vasitələrdən sui-istifadə edilməsi ilə bağlıdır.
Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin verdiyi məlumata görə, 2017-ci ildə ABŞ-da gözlənilən orta ömür müddəti əvvəlki ildəkinə nisbətən təqribən 0,1 bənd azalaraq 78,6 yaşa bərabər olub. Orta ömrün azalması narkotiklərdən sui-istifadə və intihar hallarının durmadan artması ilə bağlıdır.
Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin verdiyi məlumata görə, 2017-ci ildə fentanil kimi təhlükəli maddələrin yüksək dozada qəbul edilməsi nəticəsində ölüm halları 45 faizdən çox artıb. 1999-2017-ci illərdə yüksək dozada narkotiklər qəbul edilməsi ilə bağlı 702.000-dən çox ölüm hadisəsi qeydə alınıb. Bu hadisələrin 10 faizi 2017-ci ildə baş verib. Bundan əlavə, 2006-2017-ci illərdə intihar hallarının sayı orta hesabla ildə 2 faizə qədər artıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton