İQTİSADİYYAT
ABŞ-ın Boston ştatının şirkətləri Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında maraqlıdır
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sentyabrın 14-də ABŞ-ın Boston ştatının şirkətlərinin nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd Azərbaycan ilə ABŞ-ın Boston ştatı arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.
Nazir müavini İlham Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliyini nəzərə çatdırıb. Nazir müavini Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarına Rusiya və MDB məkanında yüksək tələbat olduğunu, Azərbaycan məhsullarının, xüsusilə ölkəmizdə ən müasir istixanalarda istehsal olunan pomidor bitkisinin Rusiya bazarında brend kimi tanındığını qeyd edib.
“Biz Rusiya və MDB bazarı ilə yanaşı, ABŞ və dünyanın digər ölkələrinə də kənd təsərrüfatı məhsulları ixrac etmək istəyirik”, - deyə nazir müavini vurğulayıb.
İlham Quliyev bildirib ki, Azərbaycan neft-qaz ölkəsi olsa da, hazırda ölkə başçısı tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçirilir. Həmçinin qonağa ölkəmizdə fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğu, gübrələrin 70 faiz, kənd təsərrüfatı texnikalarının 40 faiz güzəştlə verildiyi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyi, hər doğulan buzova görə dövlət tərəfindən 100 manat subsidiya ayrıldığı barədə məlumat verilib.
Nazir müavini Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu da vurğulayıb.
Nümayəndə heyətinin üzvləri Azərbaycan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz olduğunu nəzərə alaraq, bu məhsulların ABŞ-ın Boston ştatına ixracında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.