MƏDƏNİYYƏT
“ADA” Universitetində ikinci Bahar gənclik festivalı əcnəbi tələbələrin böyük marağına səbəb olmuşdur VİDEO
Bakı, 11 mart (AZƏRTAC, Kifayət Əliyeva). Martın 11-də “ADA” Universitetində “Coca-Cola” şirkəti ilə əməkdaşlıq çərçivəsində mindən artıq insanın iştirakı ilə ikinci Bahar gənclik festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, festivalda bahara həsr olunmuş sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və digər adət-ənənələr nümayiş etdirilmişdir.
Festivalla bağlı “Coca-Сola Azərbaycan” şirkətinin market meneceri Qabil Əhmədov və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə AZƏRTAC-a müsahibə vermişlər.
Qabil Əhmədov bildirmişdir ki, təhsillə bağlı layihələrin dəstəklənməsi “Coca-Cola” şirkəti üçün mühüm sosial prioritetlərdəndir. Şirkətin nümayəndəsi əyləncəli Novruz bayramı şənliyində regionun aparıcı ali təhsil ocaqlarından olan “ADA” Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Universitetin prorektoru Fariz İsmayılzadə isə demişdir ki, gələcəyin liderləri olaraq hər bir gənc Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olmalı və eyni zamanda, bu dəyərlərin təbliğinə maraq göstərməlidir. “ADA” Universiteti tələbələrə məhz bu cür keyfiyyətləri aşılayır və bugünkü festival bunun parlaq nümunəsidir.
Festivalda “ADA” Universitetinin tələbələri bəzədikləri Novruz xonçaları ilə “Ən yaxşı bayram xonçası” müsabiqəsində yarışmışlar.
Daha sonra universitetin Bayraq Meydanında qurulan “Coca-Cola” səhnəsində Əməkdar Artist Tünzalə Ağayeva maraqlı konsert proqramı ilə çıxış etmişdir.
“ADA” Universitetinin tələbələri də əyləncəli bayram proqramı təqdim etmişlər.
Tədbirdə “ADA” Universitetində təhsil alan 40-dan çox əcnəbi tələbə iştirak etmişdir. Festival əcnəbi tələbələrin böyük marağına səbəb olmuşdur.
Festivalda, eyni zamanda, Azərbaycanın regionlarında təhsil alan 45-dək şagird iştirak etmişdir.