İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq aprelin 25-də Bakı Dövlət Universitetində Azərbaycan İstiqlal Muzeyinin dəstəyi ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov, fakültənin dekanı Ziyatxan Əliyev gənclərə narkomaniya ilə mübarizə yolunda öz tövsiyələrini veriblər.
Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramida Mamedova çıxış edərək Muzeydə narkomaniya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi və bu mövzuya göstərilən diqqətin vacibliyindən söz açıb.
Bakıxanov İnklüziv Təhsil mərkəzinin rəhbəri, psixoloq Ayşən Səmədovaya ölkədə narkotiklərin qanunsuz dövriyyəsindən, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvlərinin mübarizəsindən və maarifləndirmə tədbirlərinin mütəmadi olaraq təşkilindən danışıb.
Tədbir zamanı psixoloq tərəfindən tələbələr üçün proektiv metodika keçirilib.