Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir
Ankara, 15 iyun, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin deputatları, müxtəlif qurumların rəhbərləri, bələdiyyə başçıları, media nümayəndələri və qardaş ölkənin tanınmış siyasətçiləri səhər saatlarından etibarən 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təbriklərini bölüşürlər.
AZƏRTAC xəbər verir ki, çoxsaylı paylaşımlarda Türkiyə ilə Azərbaycan arasında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan əməkdaşlığın və qardaşlığın sarsılmaz olduğu vurğulanır.
Paylaşımlarda beş il əvvəl imzalanmış Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Ankara ilə Bakı arasında strateji müttəfiqliyin əhəmiyyətinə xüsusi diqqət yetirilir.
Müəlliflər ölkəmizin əldə etdiyi nailiyyətlərlə qürur duyduqlarını bildirir, Türkiyə ilə Azərbaycan arasında qardaşlığı regionda sülhün, əmin-amanlığın və sabitliyin ən güclü təminatlarından biri adlandırır, şəhidlərin xatirəsini ehtiramla yad edirlər.
Bu əlamətdar günün Azərbaycanla birliyi və həmrəyliyi daha da möhkəmləndirəcəyi, ölkənin inkişafı və tərəqqisi yolunda yeni nailiyyətlərə yol açacağına ümid ifadə olunub.