Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir
Kiyev, 15 iyun, AZƏRTAC
Ukraynalıların böyük əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasının tərəfdarıdır. Respondentlərin cəmi 5 faizi onun ikinci dövlət dili statusu almasını istəyir.
Bu barədə AZƏRTAC Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.
Sosioloqların məlumatına görə, respondentlərin 65 faizi hesab edir ki, rus dili Ukrayna ərazisində rəsmi ünsiyyətdə istifadə olunmamalıdır.
Bununla yanaşı, sorğuda iştirak edənlərin 22 faizi düşünür ki, əgər yerli əhalinin əksəriyyəti bunu istəyərsə, rus dili ayrı-ayrı regionlarda rəsmi status ala bilər. Lakin onların əksəriyyəti belə bir yanaşmanın öz yaşadıqları regiona şamil edilməsini dəstəkləmir.
Belə ki, həmin 22 faizin yalnız 8 faizi rus dilinin məhz öz regionunda rəsmi status almasını istəyir. Daha 12 faiz bunun digər vilayətlərdə mümkün ola biləcəyini qəbul etsə də, öz regionu üçün bunu məqsədəuyğun hesab etmir. Daha 2 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib.
“Sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlərin 77 faizi ya rus dilinin ölkə üzrə rəsmi sahədən tam çıxarılmasını, ya da ən azı öz regionunda rəsmi status daşımamasını dəstəkləyir. Cəmi 13 faiz isə rus dilinin ya yaşadıqları regionda rəsmi status almasını, ya da Ukraynanın bütün ərazisində dövlət dili olmasını istəyir”, – deyə sosioloqlar bildiriblər.
Araşdırmada Ukraynanın nəzarəti altında olan ərazilərdə yaşayan 1000 yetkinlik yaşına çatmış vətəndaş iştirak edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada rus dilini Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının müdafiəsindən məhrum edən qanunu imzalayıb.