Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir
Bakı, 14 iyun, AZƏRTAC
Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə keçirilir. Tədbirdə Tatarıstan Respublikasının rəsmi nümayəndələri, yaradıcı kollektivlər, idmançılar və çoxsaylı qonaqlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycandakı Tatar Gənclər Mərkəzinin sədri Diaz Ahmetjanov bildirib.
Onun sözlərinə görə, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilir. “Tatar milli bayramının ilk dəfə İçərişəhərdə keçirilməsi bizim üçün böyük şərəfdir. Bu, təkcə tatar icması üçün deyil, həm də bütün Azərbaycan sakinləri və qonaqları üçün əlamətdar bir hadisədir”, - deyə D.Ahmetjanov qeyd edib.
Bayram çərçivəsində yerli tatar yaradıcı kollektivlərinin və Tatarıstandan gələn sənətçilərin iştirakı ilə zəngin konsert proqramı təşkil olunub. Tədbirdə həmçinin Baş nazirin müavini Vasil Şayxraziyevin rəhbərlik etdiyi Tatarıstan Respublikasının rəsmi nümayəndə heyəti də iştirak edib.
Festivalın qonaqları milli təamlardan, mədəni çıxışlardan və idman yarışlarından zövq alıblar. Ən yaddaqalan hadisələrdən biri körəş milli tatar güləşi üzrə turnir olub.
Tatar Gənclər Mərkəzinin sədri qeyd edib ki, “Sabantuy” ənənəvi olaraq turistlər də daxil olmaqla çox sayda iştirakçı və qonaq cəlb edir.
“Azərbaycan çoxmədəniyyətli və tolerant dövlətdir. Bizim üçün ən vacibi bayramın maraqlı və milliyyətindən asılı olmayaraq hər kəs üçün yaxın olmasıdır”, - deyə o vurğulayıb.