G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı
Paris, 15 iyun, AZƏRTAC
G7 ölkələrinin liderləri bu gün Fransanın Evian-le-Bən şəhərində başlayan sammitdə qlobal iqtisadi və geosiyasi problemləri müzakirə edirlər. Sammitdə Almaniya, Kanada, ABŞ, Fransa, İtaliya, Yaponiya və Böyük Britaniya rəhbərləri ilə yanaşı, Braziliya, Hindistan, Cənubi Koreya, Keniya və Misir kimi dəvət olunmuş ölkələrin nümayəndələri də iştirak edir.
AZƏRTAC xəbər verir ki, Fransanın sədrliyi ilə keçirilən sammitin əsas mövzularından biri dünya iqtisadiyyatındakı balanssızlıqların aradan qaldırılmasıdır. Paris hesab edir ki, ABŞ-də həddindən artıq istehlak, Çində yüksək investisiya səviyyəsi və Avropada investisiya çatışmazlığı qlobal ticarət və geosiyasi gərginlikləri artırır. Liderlər xüsusilə kritik və nadir minerallar üzrə təchizat zəncirlərinin təhlükəsizliyi, ehtiyatların formalaşdırılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Sammitin digər əsas mövzusu Ukraynadakı müharibədir. Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Ukrayna Prezidenti Volodimir Zelenski də tədbirə qatılıb. G7 ölkələri Kiyevə dəstəyin davam etdirilməsi, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların təşviqi, enerji infrastrukturunun qorunması və təhlükəsizlik zəmanətləri məsələlərini nəzərdən keçirəcəklər.
Yaxın Şərqdəki vəziyyət də sammitin gündəliyində mühüm yer tutur. İranla əldə olunduğu açıqlanan atəşkəs razılaşması, Hörmüz boğazının yenidən açılması, Qəzza və Livandakı vəziyyət liderlərin müzakirə edəcəyi əsas mövzulardandır. Bu çərçivədə Misir Prezidenti, BƏƏ rəhbərliyi və Qətər əmiri ilə xüsusi görüşlərin keçirilməsi planlaşdırılıb.
Fransa hökuməti sammit vasitəsilə beynəlxalq dialoqu canlandırmağı, Avropanın sənaye potensialını gücləndirməyi və qlobal iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlər formalaşdırmağı hədəfləyir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın çoxtərəfli əməkdaşlığa skeptik yanaşması və son ticarət təhdidləri fonunda ortaq mövqeyin əldə olunmasının asan olmayacağı vurğulanır.