Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur
Ankara, 15 iyun, AZƏRTAC
Şuşa Bəyannaməsi müdafiə, siyasət və iqtisadiyyatdan tutmuş idman, gənclər sahəsi və mədəniyyətədək əməkdaşlığın müxtəlif istiqamətlərində Türkiyə ilə Azərbaycanın potensial və imkanlarının birləşdirilməsi üçün güclü stimuldur.
Bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, 5 il əvvəl Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu tarixi sənəd iki qardaş ölkə arasında əməkdaşlığın faktiki “yol xəritəsi”dir.
Sabiq səfir Ankara ilə Bakının bundan əvvəl imzalanmış bütün beynəlxalq sənədlərə, o cümlədən hazırlanmasında şəxsən iştirak etdiyi 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”yə sadiqliyinə diqqət çəkib.
Hulusu Kılıç qeyd edib ki, iki ölkə arasındakı münasibətlər Azərbaycan və Türkiyənin böyük oğullarının qoyduğu fundamental prinsiplər üzərində qurulub. O, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün tarixi rolunu xüsusi vurğulayaraq, onlara məxsus “Bir millət, iki dövlət” və “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırladıb.
Hulusu Kılıç Şuşa Bəyannaməsinin BMT, Avropa Şurası, ATƏT və Türk Dövlətləri Təşkilatı kimi müxtəlif beynəlxalq platformalarda tərəflərin fəaliyyətinin qarşılıqlı koordinasiyası baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O hesab edir ki, Şuşa Bəyannaməsində üçüncü dövlət və ya dövlətlər tərəfindən tərəflərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinə qarşı təhdid və ya təcavüz baş verdiyi halda qarşılıqlı yardım göstərilməsini nəzərdə tutan müddəa xüsusi aktuallıq daşıyır.
Sabiq səfir daha sonra Bəyannamədə Türkiyə ilə Azərbaycanın müasir tələblərə uyğun olaraq silahlı qüvvələrin transformasiyası və modernləşdirilməsi istiqamətində birgə səylər göstərməyə hazır olduqlarını əks etdirən müddəaya toxunub. O bildirib ki, bunun praktik təzahürü kimi hər il iki ölkənin hərbçilərinin iştirakı ilə 20-dək müxtəlif təlim keçirilir.
“Şuşa Bəyannaməsinin daha bir mühüm özəlliyi sənəddə Zəngəzur dəhlizi ilə bağlı müddəanın yer almasıdır. Tarixdə ilk dəfə olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin adı beynəlxalq sənədin mətninə daxil edilib”, – deyə o bildirib.
Hulusu Kılıç Prezident Ərdoğanın Bakının ədalətli mövqeyinə verdiyi şəxsi dəstəyi də qeyd edib, Türkiyə liderinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarını ziyarət edən ilk xarici dövlət başçısı olduğunu xatırladaraq, bunun bütün dünya üçün mühüm mesaj və nümunə olduğunu vurğulayıb.