Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik
Bakı, 15 iyun, AZƏRTAC
İnsanlar adətən sağlamlığı xəstəlikdən uzaq bir bədən kimi başa düşürlər. Lakin Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə sağlamlıq daha geniş məna daşıyır. Sağlamlıq fiziki, psixoloji və sosial rifah, rahatlıq və aydın düşüncə deməkdir. Bu amillər insanın ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sağlamlıq və uzunömürlülük üzrə ekspert Lev İvanov səsləndirib.
O, fikirlərini belə davam etdirib: "Əlbəttə ki, sağlamlıq müəyyən mənada əcdadlarımızın və ya valideynlərimizin bizə ötürdüyü xüsusiyyətlərdən də asılıdır. İnsan həyatında müxtəlif səhvlər edə bilər: kimisə incidər və ya başqa yanlış addımlar atar. Dində buna “günah” deyilir. Günah insanın yol verdiyi səhv və ya müəyyən mənada yaranmış təhrifdir.
Əgər insan həyatı boyu bu təhrifləri toplayırsa, onların sonrakı nəsillərə ötürüldüyü düşünülür. Bu, genetika ilə əlaqələndirilir. Belə hesab olunur ki, ailənin yeddi nəslindən gələn təsirlər insanın həyatına müəyyən dərəcədə təsir göstərə bilər. Təxminən 128 əcdadın genetik irsi DNT-mizdə əks olunur. Əgər əcdadlarımız öz üzərlərində daha çox işləsə, problemlərini müəyyən qədər həll edə bilsəydilər, yalnız genetik amilləri nəzərə alsaq belə, həyat bizim üçün daha asan ola bilər və biz daha uzun ömür yaşaya bilərdik.
Bəzən zahirən sağlam görünən bir uşaq dünyaya gəlir, lakin sonradan onda serebral iflic və ya başqa xəstəliklər aşkarlanır. Bu halların səbəbləri müxtəlif ola bilər. Mənim fikrimcə, əvvəlki nəsillərin həll olunmamış problemlərinin də müəyyən təsiri ola bilər. Buna görə də insanlar düşüncələrində və davranışlarında təhriflərdən uzaq olmağa çalışmalıdırlar.
Valideynlərimizin bizə ötürdüyü problemləri anlamağa və onları həll etməyə çalışmalıyıq. Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik. Bu halda insanlar daha az xəstələnə və ümumilikdə daha sağlam həyat sürə bilərlər”.