DÜNYA
ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ ŞTAYNMAYER İRANI NÜVƏ PROQRAMI İLƏ BAĞLI GÜZƏŞTLƏRƏ GETMƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Almaniya və Avropa İttifaqı adından çıxış edərək İran rəhbərliyinin həbsdə olan 15 ingilis əsgərinin heç bir şərt qoymadan azadlığa buraxılmasını humanist addım kimi qiymətləndirdiyini və alqışladığını bəyan etmişdir. Almaniya xarici siyasət idarəsinin başçısı ümidvar olduğunu bildirmişdir ki, İran rəhbərliyinin britaniyalı əsgərləri azadlığa buraxması mübahisəli nüvə proqramı ilə əlaqədar problemlərin həll edilməsinə də öz təsirini göstərəcəkdir. Amma bunun üçün İran rəhbərliyi siyasi müdriklik və cəsarət göstərərək həyata keçirmək iqtidarında olduğu nüvə proqramı ilə bağlı mübahisəli məqamlarda beynəlxalq birliyi razı sala biləcək güzəştlərə getməlidir. Bu güzəştlər onu məcburi sanksiyalardan xilas edə bilər. Ştaynmayer demişdir ki, dinc məqsədlər üçün nüvə enerjisinə malik olmaq istəyən hər bir ölkə öz proqramını beynəlxalq birliyin qayda və standartlarına uyğun tənzimləməlidir. İranın dinc məqsədlərlə nüvə enerjisi proqramı bu gün beynəlxalq birliyin, beynəlxalq təşkilatların haqlı narahatlığına səbəb olmuşdur. İran tərəfinin beynəlxalq birlik çərçivəsində danışıqlarda qeyri-konstruktivliyi, problemin dinc formatına sadiq qalmaması qarşıdurmada gərginliyi daha da artırar və beynəlxalq birliyi problemin hərbi yolla həllinə sövq edə bilər.