REGİONLAR
AMEA Naxçıvan Bölməsinin və Türk Tarix Qurumunun nümayəndələrinin iştirakı ilə onlayn tədbir keçirilib
Naxçıvan, 16 aprel, AZƏRTAC
Onlayn tədbirdə AMEA Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, iki qardaş ölkənin elm adamlarının iştirakı ilə tarixi faktların daha əhatəli tədqiqi, elmi əhəmiyyətli monoqrafiya və kitabların tərcüməsi və təbliği ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hər iki qurum arasında imzalanacaq elmi əlaqələrə dair protokolla bağlı fikir mübadiləsi aparılıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Naxçıvan Bölməsinin qardaş ölkənin elmi müəssisələri ilə əlaqələrinin daha da genişləndirilməsi, səmərəli əməkdaşlığın yaradılmasıdır.
Akademik AMEA Naxçıvan Bölməsi haqqında dinləyicilərə məlumat verib. Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Yaradıldığı dövrdən etibarən bölmədə 6 elmi tədqiqat institutu - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bölmədə aparılan tədqiqatların əsas istiqamətini Naxçıvanın tarixi, ədəbi mühiti, təbii ehtiyatları, flora və faunasının hərtərəfli tədqiqi təşkil edir. Çoxşaxəli araşdırmalar aparan bölmənin Əlyazmalar Fondunda və Elmi Arxivində mühüm elmi əhəmiyyətə malik materiallar mövcuddur.
Bölmə sədri aparılan elmi tədqiqatlar və onların nəticələrindən ətraflı bəhs edərək diqqətə çatdırıb ki, 18 illik fəaliyyəti dövründə Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən kitab və monoqrafiyalar, dərs və metodik vəsaitlər, xəritələr işıq üzü görüb. Bölmə alimləri indiyədək 34 patent və müəlliflik şəhadətnaməsi alıblar. AMEA-nın Naxçıvan Bölməsi Türkiyə, Rusiya, ABŞ, Polşa, Fransa, İran, Şimali Makedoniya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin 20-dən artıq elm və təhsil mərkəzləri ilə səmərəli əməkdaşlıq etməkdədir.
Alim çıxışında yeni əməkdaşlığın Türkiyə Respublikasının Naxçıvan Baş konsulluğunun vasitəçiliyi ilə keçirildiyini bildirib. Türk Tarix Qurumu ilə əməkdaşlığın elmi istiqamətlərindən, bu əlaqələrin vəd etdiyi gələcək səmərələrdən söz açıb.
Tədbirdə çıxış edən Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mehmet Emin Kiraz hər iki qardaş ölkənin tarixi, mədəni və mənəvi bağlılığından söz açıb. Çıxış zamanı Türkiyə Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında davam edən məhsuldar əlaqələrdən, elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlardan bəhs olunub. Yeni yaradılmaqda olan əməkdaşlığın faydalı olacağına inam ifadə olunub.
Türk Tarix Qurumunun rəhbəri, professor Birol Çetin, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Emin Şıxəliyev, Türk Tarix Qurumunun nümayəndələrindən professorlar Hikmet Öksüz, Haluk Selvi, İbrahim Tellioğlu və Hüseyin Murat Yücel tədbirdə çıxış edərək iki elmi qurum arasındakı əməkdaşlığı yüksək qiymətləndiriblər.