MƏDƏNİYYƏT
AQAFANGEL KRIMSKİNİN “MÜSƏLMANLIĞIN TARİXİ” KİTABI RUSİYADA YENİDƏN NƏŞR EDİLMİŞDİR
Kitabın əsas hissəsi Quranın və hədislərin tədqiqinə həsr olunmuşdur. Burada Quranın yaranma tarixi açıqlanır, o, forma, leksika və qrammatika baxımından qiymətləndirilir. Əsərin fəsillərindən birində müsəlmanların əsas müqəddəs kitabının təfsirindəki ziddiyyətlər araşdırılır və abidənin başlıca Şərq təfsirləri haqqında məlumat verilir.
Kitab Rusiyanın Sibir və Uzaq Şərq Müsəlmanları İdarəsinin və “Dini dözümlülük və ictimai həmrəylik” fondunun maliyyə dəstəyi ilə nəşr edilmişdir.
60-a yaxın dil bilən Aqafangel Krımski (1871-1942) dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921-1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A.Krımski “Müsəlmanlığın tarixi”, “Ərəblərin və ərəb ədəbiyyatının tarixi”, “İranın və onun ədəbiyyatının tarixi”, dördcildlik “Türkiyə və onun ədəbiyyatının tarixi” əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.
Azərbaycanşünaslığa dair qiymətli tarixi və filoloji əsərləri – “Nizami və müasirləri” monoqrafiyası, “Şimali, yaxud Qafqaz Azərbaycanı (klassik Albaniya) tarixindən səhifələr. Şəki” oçerki və s. də vardır.
A.Krımski antisovet və millətçilik fəaliyyətində təqsirləndirilərək, 1941-ci ildə zorla Qazaxıstana göndərilmiş və az sonra acından ölmüşdür.