CƏMİYYƏT
AQTA: Bazar tipli ticarət mərkəzlərində yeni nəzarət sistemlərinin qurulması təmin edilməlidir
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 30-dan çox bazar tipli ticarət mərkəzinin rəhbəri ilə görüş keçirilib. Məqsəd həmin ticarət mərkəzlərində qida təhlükəsizliyi nəzarətinin təkmilləşdirilməsidir.
Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə agentliyin qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirdiyi sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz satışını təmin etməlidirlər.
AQTA-nın sədr müavini Rəşad Mafusov sahibkarlara agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu prosesə qoşulmalıdır. Görüş zamanı, həmçinin bu tipli ticarət mərkəzlərində yeni nəzarət sistemlərinin qurulmalı olduğu vurğulanıb.
Sonda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.