İQTİSADİYYAT
ƏRAZİ KƏND TƏSƏRRÜFATI İDARƏSİ UZUNMÜDDƏTLİ PROQRAMLA FƏALİYYƏT GÖSTƏRİR
Aqrar islahatların gedişi zamanı idarəetmə strukturlarında da dəyişikliklər həyata keçirilmiş, yeni qurumlar yaradılmışdır. Belə qurumlardan biri ərazi kənd təsərrüfatı idarələridir.
Ucar ərazi kənd təsərrüfatı idarəsi daha dörd rayonu-Ağdaş,Göyçay, Kürdəmir və Zərdab rayonlarını əhatə edir. İdarədən AZƏRTAC-ın müxbirinə
bildirmişlər ki, qurumun məqsədi fermerlərin gördüyü işləri müasir tələblər baxımından təhlil edib problemləri aşkara çıxarmaq,onların həlli yollarını
müəyyənləşdirmək, köhnə təfəkkür tərzindən, iş üslubundan yaxa qurtarmaqda əkinçilərə və maldarlara kömək etmək, onları maarifləndirməkdir. Bu məqsədlə müntəzəm olaraq rayonlarda müşavirələr,
fermer təsərrüfatlarının rəhbərləri ilə görüşlər, onların əkin sahələrinə baxış keçirilir, faydalı fikir mübadiləsi aparılır. Həmin işləri görərkən yerli icra hakimiyyəti orqanlarının müvafiq şöbələri ilə əlaqə saxlanılır,onların təklifləri öyrənilir. Problemlər bütün region üçün, demək olar, eynidir: keyfiyyətli və yüksək məhsuldarlıqlı toxum, kredit, texnika. Yeri gəlmişkən, hazırda respublikanın fermerlərinə satılmaq üçün Ucara 68 ədəd kombayn
gətirilmişdir. Onlardan 44-ü Almaniyanın son zamanlar Azərbaycan kəndinə böyük maraq göstərən “Claas” firmasının istehsalıdır. Bu texnika
torpaq sahiblərinə 4 il müddətinə ayrılmış kreditlə satılır.
Ərazi kənd təsərrüfatı idarəsi 2006-cı ilə qədər dövrü əhatə edən proqramla işləyir. Bu proqramda mart ayının sonlarında Ucarda fermerlərin
Ümumrespublika seminarının keçirilməsi də nəzərdə tutulmuşdur.