CƏMİYYƏT
“ASAN Könüllüləri” Milli Musiqi Gününü qeyd ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində Azərbaycanın milli musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına səhnə həyatı verilib.
AZƏRTAC xəbər verir ki, mərkəzə toplaşanlar əvvəlcə tamaşanı izləyiblər.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 134 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 30-dan çox layihə həyata keçirildiyini və tamaşaların səhnələşdirildiyini qeyd edib. Sədr müavini həmin tamaşaların regionlarda və paytaxtda nümayiş etdirildiyini diqqətə çatdırıb: “Altı ildir fəaliyyət göstərən “ASAN Könüllüləri” Təşkilatı 550-dən çox mədəni və sosial layihələr həyata keçirib və 60 mindən çox gənc iştirak edib. Təşkilatın 20 mindən çox üzvü var və onlar asudə vaxtlarını səmərəli keçirmək, bacarıqlarını artırmaq üçün belə layihələrdə iştirak edirlər. Ümid edirik ki, belə layihələr davamlı olacaq və biz də agentlik olaraq onlara öz dəstəyimizi göstərəcəyik”.
Təşkilatın sədri Səbinə Cabarova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin ədəbi irsindən danışıb, könüllülərin təqdim etdiyi tamaşanı yüksək qiymətləndiriblər.
Sonra səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.