CƏMİYYƏT
“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” layihəsini həyata keçirib
Bakı, 29 sentyabr, AZƏRTAC
"ASAN Məktub" Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə cəbhə bölgəsindən olan uşaqları sevindirib.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Ağdam, Goranboy, Tərtərin cəbhəyanı ərazilərində yaşayan balacaların bir müddət əvvəl öz istəkləri ilə yazdıqları məktublar Asanmektub.az saytına yerləşdirilib və qısa müddət ərzində xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.
Vətəndaşlar tərəfindən alınmış hədiyyələr "ASAN Məktub" komandası və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə balaca sahiblərinə çatdırılıb.
Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin məqsədi xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə sosial fəaliyyətin başlanğıcını qoymaq, heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaqdır. Belə ki, “ASAN Məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.