MƏDƏNİYYƏT
AVROPANIN ƏN YAXŞI MÜĞƏNNİLƏRİ İSTANBULDA, “BİR SƏMA ALTINDA” TOPLAŞIRLAR
AZƏRTAC-ın xəbər verdiyi kimi, mayın 12-15-də İstanbulda Avropanın ən mötəbər incəsənət tədbirlərindən biri – “Avroviziya” mahnı müsabiqəsi keçiriləcəkdir. 49-cu dəfə təşkil edilən müsabiqənin Malta, Belarus, Ukrayna, Serbiya və Çernoqoriya, Andorra, Hollandiya, İsveç, Xorvatiya, Yunanıstan, Estoniya, Makedoniya, İsrail, Monako, Portuqaliya, Sloveniya və başqa ölkələrdən olan iştirakçıları artıq İstanbuldadırlar.
Təşkilat Komitəsi bildirmişdir ki, ənənəvi Avropa mahnı marafonu iştirakçılarının İstanbula gəlişi həftənin sonunadək çəkəcəkdir. Mayın 9-da Türkiyənin mədəniyyət və turizm naziri Erkan Mumcu şəhərin ən gözəl saraylarından birində - Bosfor boğazının Avropa sahilində yerləşən Çıraqan sarayında müsabiqənin iştirakçıları üçün qəbul təşkil edəcəkdir.
Müşayiət qrupları ilə birlikdə 700 nəfərdən çox olacaq bütün iştirakçılar, festivalın 6,5 min qonağı İstanbulun 16 ən dəbdəbəli mehmanxanasında yerləşdiriləcəkdir.
“Bir səma altında” devizi ilə keçiriləcək müsabiqənin iştirakçıları Abdi İpəkçi adına idman kompleksində bəhsləşəcəklər.