İQTİSADİYYAT
AZƏRBAYCANLA ALMANİYA ARASINDA MALİYYƏ ƏMƏKDAŞLIĞI HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
Müqavilə çərçivəsində Almaniya hökuməti Azərbaycan tərəfinə kommunal infrastrukturun inkişafı üçün ilk 10 ildə 0,75 faiz güzəştli ödənişlə 40 il müddətinə 15 milyon 850 min avro məbləğində kredit, özəl sahibkarlığın inkişafı üçün 766 min avro və digər layihələr üçün 511 min avro məbləğində qrantlar ayıracaqdır. Kommunal infrastrukturun dəstəklənməsi layihəsi çərçivəsində Almaniyanın maliyyə yardımı ilə İmişli şəhərinin su təchizatı artıq bərpa edilmiş və indi eyni layihələr Gəncə və Şəki şəhərlərində də həyata keçiriləcəkdir.
İqtisadi yardım çərçivəsində AFR hökuməti ölkəmizə artıq üst-üstə, təxminən 270 milyon avro ayırmışdır ki, bunun da 130 milyonu ikitərəfli iqtisadi münasibətlərin inkişafına, 108 milyonu isə maliyyə sahəsində əməkdaşlığa yönəldilmişdir. Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycana ayrılmış bütün maliyyə yardımının üçdə bir hissəsi Almaniyanın payına düşür. AFR ölkəmizin təhsil sahəsinə hər il 500 min avro məbləğində təqaüd də ayırır.
Maliyyə naziri Əvəz Ələkbərov çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verir. Bunun nəticəsində təkcə cari ilin altı ayında ümumi daxili məhsul 10,1 faiz, kapital qoyuluşu 64 faiz, orta əmək haqqı 21,4 faiz, xarici iqtisadi əmtəə dövriyyəsi 36,3 faiz, əhalinin ölkə banklarındakı əmanətləri 51,3 faiz, dövlət büdcəsinin mədaxili 30,2 faiz artmışdır.
Səfir Klaus Qrevlix dedi ki, onun ölkəsi Azərbaycan dövlətinin sabit inkişaf etməsini istəyir. Mövcud göstəricilərin təhlilinin nəticələrinə görə, 2006-cı ilədək Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsinə çevriləcək və bundan ötrü sahibkarlığın inkişafına diqqət yetirmək lazımdır.