MƏDƏNİYYƏT
AZƏRBAYCAN GƏNLƏRİ GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm, İdman və Gənclər nazirlikləri və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə fevralın 2-də Vəcihə Səmədova adına sərgi salonunda ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə təsis olunmuş Azərbaycan Gəncləri Günü ilə əlaqədar gənclərin birinci Forumunun keçirilməsinın 10 illiyinə və Gənclər gününə həsr edilmiş sərgi açılmışdır.
Sərgidə 100-dən artıq gənc rəssamın təsviri sənətin müxtəlif janrlarında 250-yə yaxın əsəri nümayiş etdirilir.
Rəssamlar ittifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, “Space” müstəqil teleradio şirkətinin prezidenti Etibar Babayev və başqaları əlamətdar gün münasibətilə gəncləri təbrik etmiş, ölkəmizin inkişafı naminə fəaliyyətlərində onlara uğurlar arzulamışlar. Ötən on ildə həyatımızın bütün sahələrində gənclərin səmərəli fəaliyyətindən ətraflı söz açılmışdır.
Sərgidə fərqlənən iştirakçılardan üç nəfərinə - Fərid Mirzəyevə, Aytən Şirzadovaya və Rza Sadıqova diplomlar təqdim olunmuşdur.
Sərgi fevralın 8-dək davam edəcəkdir.