İDMAN
AZƏRBAYCAN KOMANDASI BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA 6-CI YERİ TUTMUŞDUR
Azərbaycan komandası Kiyevdə başa çatan bədii gimnastika üzrə Avropa çempionatında 27 iştirakçı ölkə arasında 6-cı yeri tutmuşdur. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Afina Olimpiadasının gələcək iştirakçısı Dinara Gimatova və Anna Qurbanova birlikdə 177.300 bal toplayaraq, güclü Bolqarıstan yığmasını 7 bal geridə qoymuşlar. Şəxsi çoxnövçülükdə D.Gimatova 86.950 bal toplayaraq 10-cu, A.Qurbanova isə 85.475 balla 69 gimnast arasında 15-ci yerə çıxmışlar.
Beləliklə, gimnastlarımız növbəti Avropa çempionatında güclülər qrupunda çıxış edəcəklər.
Avropa çempionu adını isə həm ümumi, həm də şəxsi hesabda Rusiya komandası qazanmışdır. Ukraynalılar 2-ci, belaruslar 3-cü yeri tutmuşlar. Alina Kabayeva beşqat qitə çempionu olmuşdur. Ukraynalı Anna Bessonova gümüş, rusiyalı İrina Çaşina bürünc medala layiq görülmüşlər.
Daha bir yarış - yeddiqat dünya çempionu Oksana Kostinanın xatirəsinə həsr edilmiş 10-cu beynəlxalq turnir gimnastlarımız üçün növbəti sınaq olacaqdır. Turnir iyunun 12-13-də İrkutskda keçiriləcəkdir.