RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TATARISTAN PREZİDENTİ MİNTİMER ŞAYMİYEV İLƏ GÖRÜŞÜ
Söhbət zamanı Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində respublikamızda yaranmış ağır vəziyyət, işğal olunmuş ərazilərimizdən didərgin düşmüş bir milyondan çox qaçqının çətin şəraitdə yaşaması, son vaxtlar isə Çeçenistan hadisələri ilə əlaqədar Azərbaycanın iqtisadi blokada şəraitində olması barədə söhbət açdı.
Ermənistan-Azərbaycan müharibəsinə son qoyulması üçün ATƏT-in və onun Minsk qrupunun fəaliyyətindən bəhs edən Heydər Əliyev dedi ki, Ermənistan silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasında bizə kömək göstərmək üçün ATƏT öz sülhyaratma qüvvələrini təşkil edir. Biz istəyirik ki, bu müharibə sülh yolu ilə başa çatsın.
Səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycanla Tatarıstan arasında qədim tarixi əlaqələrin mövcudluğu, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu xüsusi vurğulandı. Qeyd edildi ki, neftçıxarma, neft maşınqayırma, kimya sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əvvəlki əlaqələri və əməkdaşlığı davam və inkişaf etdirmək hər iki tərəf üçün çox faydalıdır. Neft emalı və neft maşınqayırma sahəsində müvafiq saziş bağlanması lüzumundan da söhbət açıldı. Prezidentlər mədəni əlaqələrin davam və inkişaf etdirilməsi lüzumuna xüsusi diqqət yetirdilər.