İDMAN
AZƏRBAYCAN QILINCOYNADANLARI DÜNYA BİRİNCİLİYİNDƏ ÇIXIŞLARINI BAŞA ÇATDIRMIŞLAR
AZƏRTAC xəbər verir ki, ölkəmizin qılıncoynatma üzrə yığma komandası Koreya Respublikasının Tayebayek Siti şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində çıxışlarını başa vurmuşdur. Respublikamız yarışda “Neftçi” İSM-in üç idmançısı ilə təmsil olunmuşdur. Komandamızın heyətində ən yaxşı nəticəni Sevil Bünyadova göstərmişdir. Şəxsi birincilikdə yarışan qılıncoynadanımız 60 idmançı arasında 36-cı yer tutmuşdur. Ondan üç pillə geri qalan Səbinə Mikina 39-cu, Aidə Ələsgərova isə 47-ci yerdə qərarlaşmışlar.
Qeyd edək ki, Səbinə Mikina Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) xətti ilə yarışlara Koreya Respublikasında hazırlaşmışdır. FİE yardım məqsədi ilə, hər il bu idman növünün zəif inkişaf etdiyi 30 ölkədən bir idmançının təlim-məşqlərdə iştirakını maliyyələşdirir. Dünya birinciliyinə aprelin 17-də yekun vurulacaqdır.