SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət Qaydası”nın II bölməsinin 3-cü bəndinin birinci cümləsində “təklifin göndərilməsi” sözləri “bildirişin verilməsi” sözləri ilə əvəz edilsin, “oraya gedilməsi” sözlərindən sonra “əmlakın siyahıya alınması və ya onun üzərinə həbs qoyulması” sözləri, “icraçısına ödənilməsi” sözlərindən sonra “vəsaitlərin məhkəmə icraçılarının depozit hesabına köçürülməsi və ondan istifadə edilməsi” sözləri, “çekin verilməsi” sözlərindən sonra isə “icra prosesində icra hərəkətlərinin təxirə salınmasının əsaslılığını, hərracların keçirilməsi üçün sifarişlərin verimləsini, tələblərin təmin edilməsinin növbəliyini” sözləri əlavə edilsin, ikinci cümləsində “Məhkəmə qətnamələrinin” sözləri “Məhkəmə və digər orqanların qərarlarının” sözləri ilə əvəz edilsin, 5-ci bəndində “işinin təşkilində” sözlərindən sonra “məhkəmə icraçıları qurumunun rəhbərlərinin” sözləri əlavə edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi Fondu haqqında Əsasnamə”yə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir.
1. II bölməsinin 1-ci bəndinin birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:
“Fond Azərbaycan Respublikasının məhkəmələrinin, beynəlxalq orbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və orbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin notariat orqanlarının icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişinin 25 faizi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı borcludan tutulan xərclərin məbləğləri hesabına formalaşır.
İcra sənədlərinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər bu Fonda dövlət büdcəsi hesabına ödənilir”.
2. III bölməsində “maddi-texniki təminatına” sözlərindən sonra “icra hərəkətlərinin təşkilinə və keçirilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlərə” sözləri əlavə edilsin.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, Maliyyə Nazirliyi ilə birlikdə icra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.