SİYASƏT
AZƏRTAC-ın tərəfdaşı olan “China Daily” qəzetinin nəşrə başlamasından 40 il ötür
Pekin, 2 iyun, AZƏRTAC
Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzetinin nəşrə başlamasının 40 ili tamam olub. 1981-ci il iyunun 1-dən dərc olunan “China Dialy” qəzeti ötən müddətdə böyük inkişaf yolu keçərək, milli nəşrdən dünya səviyyəli media qurumuna çevrilib. Hazırda qəzetin çap versiyasının abunəçilərinin və rəqəmsal platformalar üzrə oxucularının sayı 350 milyondan çoxdur.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin yubiley münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrik məktubunda “China Daily”nin Çinin son 40 illik islahat və inkişaf dövrünə şahidlik etdiyini, müxtəlif ölkələrlə informasiya mübadiləsinin və təmasların dərinləşməsi istiqamətində səylə çalışdığını vurğulayıb.
“China Daily” Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir, xarici ölkələrdə böyük populyarlıq qazanıb. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
Qeyd edək ki, Azərbaycan həqiqətlərinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının, qazandığı uğurların dünyaya çatdırılması işində xarici media qurumları ilə sıx əməkdaşlığa böyük önəm verən AZƏRTAC nüfuzlu “China Daily” qəzeti ilə də səmərəli münasibətlər qurub. Bu əlaqələrin təməli 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən birinci Media Sammiti zamanı qoyulub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun başçılıq etdiyi nümayəndə heyətinin qəzetin rəhbərliyi ilə keçirilən görüşündə tərəflər əlaqələrin genişləndirilməsinə dair razılıq əldə ediblər.
Qeyd edək ki, AZƏRTAC ilə “China Daily” "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması çərçivəsində də sıx əməkdaşlıq edir. AZƏRTAC-ın da təsisçisi olduğu bu platforma Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılıb.
“China Daily” ötən müddətdə Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni sahələrdə qazandığı uğurlar, 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər barədə AZƏRTAC-ın Çin dilində informasiyalarını öz kanalları ilə yayıb və bu iş mütəmadi davam etdirilir.
Tərəflər xəbər mübadiləsi ilə yanaşı, jurnalistlərin təlim proqramları da daxil olmaqla, bir neçə səmərəli və məhsuldar layihələr həyata keçiriblər. Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily" tərəfindən "Fəxri beynəlxalq media tərəfdaşı-2019" mükafatı təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin