SİYASƏT
AZƏRTAC oyuncaq rejimin AFR-dəki “nümayəndəliyinin” bağlanması barədə Almaniya ictimaiyyətini məlumatlandırıb
Berlin, 2 iyun, AZƏRTAC
Almaniyanın nüfuzlu “nex24.news” informasiya-analitik portalında AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin “Almaniyada erməni separatistlərinin nümayəndəliyi yoxdur” sərlövhəli məqaləsi dərc edilib (bax: https://nex24.news/2020/05/keine-vertretung-fuer-armenische-separatisten-in-deutschland/).
Materialda qeyd edilir ki, uzun illər boyu Rusiya Federasiyasında, ABŞ-da, Fransada və Almaniyada qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “nümayəndəlikləri” fəaliyyət göstərib. AZƏRTAC xəbər verir ki, bu yaxınlarda AFR öz ərazisində qondarma rejimin ofisini bağlayan ilk ölkə olub. Beləliklə, Almaniya hökuməti çox təqdirəlayiq presedent yaradıb. Bu presedentin mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüququn yerli muzdlu lobbiçilərin məhdud siyasi maraqları üzərində prioriteti təmin edilib.
Özünü qondarma “Arsax respublikası”nın “daimi nümayəndəliyinin başçısı” elan etmiş Arutyun Qriqoryan ad-soyadlı birisinin fəaliyyəti faktiki qadağan edilib, çünki Almaniya həmin “psevdodövlət”i rəsmən tanımayıb.
Bu “diplomat” sosial şəbəkələrdə fəal iş aparır, hətta “Arsax respublikasının Almaniyada daimi nümayəndəliyi”nin fan-səhifəsini də yaradıb. Müəllif “nex24.news” nəşrinə məqalə yazdığı anda məlum olub ki, Qriqoryan elə həmin gecə fan-səhifənin adını dəyişərək onu “Arsax.Almaniya” kimi təqdim etməyə məcbur olub. Arutyun Qriqoryanın çoxsaylı tədbirlərdə çıxış edərkən özünü “Arsax respublikasının Almaniyadakı səlahiyyətli diplomatik nümayəndəsi” kimi təqdim etməsi lap lətifə təsiri bağışlayırdı.
“Nümayəndəlik” özü “Avropa Arsax mərkəzi” QHT kimi qeydiyyata alınmışdı və qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə Almaniyanın onsuz da liberal olan qanunvericiliyini pozurdu.
Qriqoryan Azərbaycan Respublikasının hazırda erməni qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər etməyə hazır olan potensial alman turistlər arasında müəyyən illüziya yaratmağa nail olub. Beləliklə o, almanları çaşdırıb, onlar Azərbaycan qanunvericiliyini pozan şəxslər siyahısına düşmək təhlükəsi ilə üzləşiblər.
AFR XİN öz bəyanatında təsdiqləyib ki, bu ölkə qondarma “Arsax respublikası”nı tanımır. Ona görə də bu qondarma qurumun Almaniyada hər hansı diplomatik və ya konsul nümayəndələri yoxdur. AFR xarici siyasət idarəsi kodeksin 132-ci maddəsinə də istinad edib. Həmin maddəyə görə insanları çaşdıran “səfir”, “daimi nümayəndə” və s. adlardan və ya xidməti reqaliyalardan istifadə edilməsi qanunla cəzalandırılır. AFR XİN yuxarıda adı çəkilən məqaləni əsas götürərək Qriqoryana yazılı xəbərdarlıq göndərib, açıq-aşkar qeyri-qanuni fəaliyyətinə son qoyulmasını xahiş edib. Başqa sözlə desək, Berlin Qriqoryanın fəaliyyətini qadağan edib və onun uydurma kontorunu bağlayıb. Bundan əlavə, feysbuk, tvitter və “artsakh.de” turizm saytında “Arsax respublikası” səhifələrini ya Qriqoryan özü, könülsüz də olsa, silib, ya da hakimiyyət orqanları bu səhifələri rəsmən bloklayıblar.
Vüqar Seyidov