REGİONLAR
Abşeronun kənd və qəsəbələrinin dayanıqlı elektrik enerjisi təchizatı yaxşılaşdırılır
Bakı, 10 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən 2019-cu ilin tədbirlər planına uyğun olaraq, Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması üçün müvafiq tədbirləri davam etdirilir. Bununla əlaqədar dekabrın 10-da Xırdalan şəhəri üçün 2 ədəd 35 kilovoltluq yarımstansiya inşa edilib və mövcud 35 kilovoltluq elektrik şəbəkəsi ilə əlaqələndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC tərəfindən Xırdalan şəhəri və Masazır qəsəbəsinə təşkil olunmuş media-tur çərçivəsində ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində deyib.
O əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsinin yaxşılaşdırılması işləri davam etdiriləcək: “Gələn ilin fevralında “Azərişıq” ASC-nin yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum tədbirlər planı əsasında bir sıra işlər görüb. Son 1 ildə görülən işlərə nəzər salmaq istərdim. Bu ilin yanvarından bu günədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb. Bu gün Bakı şəhəri və ətraf kənd və qəsəbələrində görülən işlərin davamıdır. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə mal-materiallar göndərilib. Bu gün Abşeron rayonunun Xırdalan qəsəbəsində Quşçuluq massivi ərazisində, Masazır, 28 May qəsəbələri, Atyalı, Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir”.
ASC-nin mətbuat xidmətinin rəhbəri deyib ki, “Azərişıq” yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb: “Azərişıq” ASC-nin 17 xidməti “ASAN xidmət” vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Yeni ilədək bəzi ərazilərdə növbəli olaraq enerji təchizatında qısa müddətli fasilələr yaranacaq. Bütün bunlar aparılan yenidənqurma işləri ilə əlaqədardır. Bu gün işlər Xırdalan şəhəri Quşçuluq massivi ərazisində, Masazır qəsəbəsində yeni inşa olunmuş binalarda, şəxsi həyət evlərində aparılıb. Gələn həftə isə 28 May qəsəbəsi, Atyalı, Qobu və Hökməli qəsəbələrində, Xırdalan şəhəri 26 və 27-ci məhəllələrində yenidənqurma işləri aparılacaq”.