REGİONLAR


Əcnəbi tələbələr Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilib, kadrların bilik və peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər görülüb. Elmi-tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, həmçinin xarici ölkə vətəndaşları mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və sair qorunub saxlanılır.

Qeyd olunub ki, Naxçıvanşünaslıq Mərkəzi elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşı doğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, Naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər təşkil olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.