REGİONLAR


“Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabın təqdimatı olub

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildinin təqdimatı olub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan dilinin dünya dilləri arasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. O, bu sahədə müxtəlif illərdə imzalanan mühüm dövlət sənədlərini xatırladaraq dil siyasətinin Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini vurğulayıb.

Akademik Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi məqsədilə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən uğurlu tədqiqatlar aparıldığını deyib. Diqqətə çatdırıb ki, Zülfiyyə İsmayılın ictimaiyyətə təqdim olunan “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir.

Bölmə sədri müəllifin son illərdə apardığı məhsuldar tədqiqatın uğurlu nəticəsi olan yeni kitabını yüksək qiymətləndirib və ona elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanşünaslığa layiqli töhfə: Ədəbi-bədii dil və dilçilik araşdırmaları” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, əsərin birinci fəslində Azərbaycan ədəbiyyatının böyük simalarının dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir. İkinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər yetirilir.

Diqqətə çatdırılıb ki, vəsait ali məktəblərin filologiya fakültələrində bir sıra əsas və seçmə fənlərin, ədəbi dilin, dilçilik tarixinin tədrisində əhəmiyyətli mənbədir.

Sonra institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva və Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, Dilçilik şöbəsində son on ildə sayca 35-ci kitab olan yeni nəşr dilçi alimlərimizin Azərbaycan dilçilik elmindəki uğurlu fəaliyyətlərini əks etdirmək baxımından böyük dəyərə malikdir.

Sonda kitabın müəllifi Zülfiyyə İsmayıl çıxış edərək Azərbaycan elminə göstərilən diqqət və qayğıdan söz açaraq kitabın ərsəyə gəlməsində bu gün elmi işçilərə yaradılan şəraitin, göstərilən diqqət və qayğının, dəstəyin böyük rolu olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.