CƏMİYYƏT
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin 15 iştirakçısı, müharibədə iştirak edən həkimlər, habelə Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt filialının direktoru, Əməkdar artist Ədalət Şükürov və idmançılarla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşməndən azad etdiyini, bununla da ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən istər döyüş meydanında, istərsə də diplomatik və siyasi müstəvidə atılan uğurlu addımlar nəticəsində ərazilərimizin bir hissəsi döyüş yolu ilə azad olundu, qalan hissəsi isə bir güllə atmadan, bir şəhid vermədən Ermənistan tərəfindən qaytarıldı. Ermənistanın döyüş meydanında məğlubiyyətə uğrayaraq kapitulyasiya aktını imzalaması ölkəmizin bütün cəbhələrdə mövqeyini gücəndirdi.
“Təbii ki, bunu bizə yaşadan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz idi. İgidlərimizin göstərdiyi qəhrəmanlıqlar, habelə ordu quruculuğuna ayrılan diqqət, eyni zamanda, Silahlı Qüvvələrimizin arsenalının müasir səviyyədə qurulması bizi bu müharibənin qalibi etdi. Məhz bugünkü güclü Azərbaycan Ordusunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər tərəfindən ordu quruculuğuna ayrılan, silahlı qüvvələrimizin yeni növ silahlarla təmin edilməsi, yenidən dirçəldilməsi, habelə şəxsi heyətin təhsil almaq məqsədilə xarici ölkələrə göndərilməsi nəticəsində ölkəmizdə müasir ordu yaradıldı. Bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğuna ayırdığı diqqəti də davam etdirdi. Nəticədə Silahlı Qüvvələrimiz nəinki Cənubi Qafqazın, həmçinin dünyanın ən güclü ordularından birinə çevrildi. Bu gün Ordumuzun hərbi əməliyyatlar zamanı istifadə etdiyi döyüş taktikası, əməliyyatların uğurlu icrası müxtəlif dövlətlər tərəfindən öyrənilir”, - deyə A.Əliyev qeyd edib.
Milli Məclis sədrinin müavini bu Qələbəni bizə yaşadanların ailələrinin, əzizlərinin hər zaman diqqət mərkəzində olmasına, dövlətimizin başçısı, Birinci vitse-prezidentin hər zaman onların qayğıları ilə maraqlandıqlarını, üzləşdikləri çətinliklərinin həlli, rifah hallarının daha da yaxşılaşdırılması ilə əlaqədar göstərişlər verməsinə diqqət çəkərək, bu gün Prezident İlham Əliyev tərəfindən bir çox hərbi qulluqçunun xidmətlərinin yenidən yüksək qiymətləndirilərək medallarla təltif edildiyini bildirib. Habelə qazilərin müalicəsinə, şəhid ailələrinin qayğılarına həssas yanaşmalı, eləcə də hər kəsin onlara diqqət göstərməli olduğunu qeyd edib.
Görüş iştirakçıları səmimi qəbula görə təşəkkürlərini bildirərək, dövlətimizin başçısının ətrafında hər zaman daha sıx birləşməyin vacibliyini, eləcə də ölkəmizdə peşəkar idmançıların yetişdiriləcəyini, bundan sonra da gənc nəslin vətənpərvər ruhda tərbiyə ediləcəyini bildiriblər. Habelə qazanılmış Qələbədən böyük məmnunluq ifadə edərək, bu Zəfərdən tarixi qələbə olduğunu vurğulayıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində və arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.