DÜNYA
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində yeddi hərbçi həlak olub
Bakı, 19 iyun, AZƏRTAC
Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində hökumət qüvvələrinin yeddi hərbçisi həlak olub, biri isə yaralanıb.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, silahlılar əyalətin şimalında Əfqanıstan ordusunun İmam Sahib dairəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Toqquşma nəticəsində taliblərin də itkilər verdiyi bildirilir.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” silahlıları ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.