REGİONLAR
Ağdam sakinləri də qanvermə aksiyasına qoşulublar
Ağdam, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Ağdam rayonu sakinləri də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçiriliblər. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 50 nəfər qan verib. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.