CƏMİYYƏT
Ağdam və Tərtər rayonlarında partlamış top mərmilərinin qalıqları tapılıb
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 11-də dörd əkin sahəsində və bir otlaq yerində 9 partlayış yerinə baxış keçiriblər. Nəticədə Ağdam rayonunun Zəngişalı, Tərtər rayonunun Həsənqaya kəndlərində partlamış top mərmilərinin qalıqları aşkarlanaraq götürülüb. Gün ərzində 17 min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən avqustun 11-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində ümumilikdə 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, tibb məntəqəsinə, metal anbarına, 30 fermaya, əkin sahələrinə, şərab zavoduna və çınqıl karxanasına baxış olub. Cəmi 3470 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.