REGİONLAR
Ağdamda şəhid Famil Əbdürrəhmanov və Mübariz Dadaşovun xatirəsi anılıb
Ağdam, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Famil Əbdürrəhmanov və Mübariz Dadaşovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onların mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Bildirilib ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur.
Mərasim iştirakçıları sonra hər iki şəhid haqqında hazırlanmış videoslaydı izləyib, şəhidlərin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına baxıblar. Məktəblilər kompozisiya göstərib, hərbi hazırlıqla bağlı çıxış edib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Sonda tədbirin hazırlanmasında iştirak edənlərə fəxri fərmanlar təqdim olunub.