REGİONLAR
Ağsuda içməli su və suvarma suyu ilə təminat getdikcə yaxşılaşır
Ağsu, 5 iyun, AZƏRTAC
Ağsu suvarma sistemləri idarəsinin və sukanal sahəsinin kollektivləri öz peşə bayramlarını – 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Gününü təntənəli surətdə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirinin iştirakçıları əvvəlcə Heydər parkına gələrək Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edənlər meliorasiya və su təsərrüfatının inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük xidmətlərini diqqətə çatdırıblar. Qeyd olunub ki, hazırda Azərbaycanda geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu sahədə Ağsu rayonunda da ardıcıl layihələr həyata keçirilir. Rayonda ümumi uzunluğu 967,4 kilometr olan su kanalları var ki, bunun da 148 kilometri baş kanallardır. Yuxarı Şirvan kanalı və onun Ağsu qolu, Cavanşir ehtiyat su mənbəyi, Əlabbas, Ömərlahıc və digər kanallar bölgədə 37 min 71 hektar suvarılan sahəni əhatə edir. Hazırda planlaşdırılmaqda olan Qazan arxının çəkilməsi ilə 7 kəndin su təchizatı yaxşılaşdırılacaq.
Rayon əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq istiqamətində də ardıcıl layihələr həyata keçirilir. Yenidən qurulan su-kanalizasiya xətti 5685 abonentə xidmət göstərir. Artıq 38 kənd yaşayış məntəqəsi bulaqlarla təmin olunub. Ölkə başçısının tapşırığı ilə 2 kəndə su kəməri çəkilir. Bu kəndlərdə 78 bulaq tikiləcək.
Tədbirin sonunda bir qrup qabaqcıl su təsərrüfatı işçisinə fəxri fərman verilib.