ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: Dördüncü sənaye inqilabı istiqamətində makrotədqiqatlar aparılmalıdır
Bakı, 29 fevral, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Dördüncü sənaye inqilabı: sosial-iqtisadi trendlər və çağırışlar” mövzusunda məruzə dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri Rasim Mahmudov məruzəsində beynəlxalq təhlükəsizliyin yeni trendləri haqqında məlumat verib. Bura dronlar, özüidarəolunan hərbi texnika, kosmosun hərbiləşməsi, bioloji və biokimyəvi silahlar, eləcə də sosial şəbəkələrin daxil olduğunu qeyd edib.
İqtisadiyyatın transformasiyasından söhbət açan məruzəçi müasir dövrdə informasiya asimmetriyasının aradan qalxdığını, virtual bazarın formalaşdığını və bazarın öz vasitəçilik funksiyasını itirdiyini diqqətə çatdırıb.
“Fiziki dünya ilə virtual aləm arasında sıx əlaqələr yarandıqca dünyada gedən bütün proseslər şəffaflaşacaq”, – deyən R.Mahmudov bütün hadisələrin real zaman rejimində monitorinqinin aparılacağını, cinayət əməllərini törətməyin əvvəlki kimi asan olmayacağını, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vurğulayıb.
Tədbirdə demoqrafik dəyişikliklər, insan-süni intellekt münasibətləri və bu münasibətlərin modelləri, robotların fəaliyyətinin hüquqi tənzimlənməsi, eləcə də bir sıra beynəlxalq hüquqi sənədlər haqqında məlumat verilib.
Həmçinin süni intellekt, pilotsuz avtomobillər, Big data texnologiyaları, 3D-çap və 3D-istehsal, “ağıllı” şəhərlər və evlərin müsbət və mənfi tərəfləri diqqətə çatdırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müzakirəyə çıxarılan məsələlərin əhəmiyyətini önə çəkib. Bildirib ki, dördüncü sənaye inqilabı istiqamətində həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq makrotədqiqatlar aparılmalı, əldə olunan nəticələr məqalələrdə əks olunmalıdır.
Məruzə seminar iştirakçılarının marağına səbəb olub, suallar cavablandırılıb.