REGİONLAR


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Gədəbəydə tibbi aksiya keçirib

Gədəbəy, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın ucqar rayonlardan olan Gədəbəy rayonu sakinlərinə tibbi xidmət göstərib. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçirilib. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdi.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə hətta əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu dövlət başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş cərrah-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb.

Hazırda dünyada müxtəlif göz problemlərindən və korluqdan əziyyət çəkən insanların sayı həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.