Akira Matsunaqa: Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir
AzerTAg.az

Tokio, 28 oktyabr, AZƏRTAC
Ermənistan ordusu uzun illərdir ki, işğal altında saxladığı Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini dərhal və qeyd-şərtsiz olaraq tərk etməlidir.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokio Universitetinin professoru Akira Matsunaqa deyib. Ermənistan ilə Azərbaycan arasında artıq bir aydır davam edən qızğın döyüşlərə münasibət bildirən yapon professor qeyd edib ki, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Məhz Ermənistan ordusu sentyabrın 27-də atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycan ərazisində təxribatlar törədib. Müharibənin gedişində Rusiya və ABŞ-ın vasitəçiliyə ilə əldə edilən üç humanitar atəşkəsin pozulmasının günahkarı da Ermənistandır. Hər üç halda Ermənistan raketlərdən istifadə edərək Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə hücum edib. Professor deyib: “Düşünürəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın uşaqların və digər mülki şəxslərin ölümü ilə nəticələnən bu vəhşi, qeyri-insani hücumlarını pisləməli və bunun dayandırılmasına çalışmalıdır”.
A.Matsunaqa vurğulayıb ki, Ermənistan dövləti artıq 30 ildir BMT Təhlükəsizlik Şurasını müvafiq qətnamələrinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf əraziləri işğal altında saxlayır. Ermənistan təcili olaraq, həmçinin heç bir şərt irəli sürmədən bu torpaqları tərk etməlidir.
Yaponiya hökumətinin münaqişəyə münasibətini bildirən yapon professor qeyd edib ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
A.Matsunaqa Ermənistanın Avropanın enerji təminatında mühüm rol oynayan Bakı Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə hücum cəhdinə də münasibət bildirib. Qeyd edilib ki, bu hücum beynəlxalq hüququn pozulmasıdır və Ermənistan dövlətinin işğalçı siyasətinin mahiyyətini təsdiq edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu hərəkətlərinin qarşısını almaq üçün ona təzyiqi artırmalıdır. Professor bildirib: “Yaponiyanın INPEX və “Itochu” şirkətlərinin də qatıldığı Xəzər dənizinin neft ehtiyatlarının mənimsənilməsi layihələrində iştirakını nəzərə alaraq deyə bilərik ki, bu hücumlar həm də Yaponiyaya qarşı yönəlib və bunu Ermənistana bağışlamaq olmaz”.
Ermənistanın müharibədə uduzmasının qarşısını almaq üçün müxtəlif çirkin vasitələrə əl atdığını vurğulayan professor bu məqsədlə onun münaqişəni xristian və İslam dünyası arasında qarşıdurma kimi təqdim etmək cəhdinin tamamilə yolverilməz olduğunu bildirib. Qeyd edib ki, Ermənistan bununla başqasının torpaqlarını işğal etmək kimi addımına haqq qazandırmaq istəyir və buna qəti şəkildə yol vermək olmaz. Hamı yaxşı görür ki, müharibə Azərbaycan ərazisində gedir və Azərbaycan Ordusu Ermənistan ərazisinə müdaxilə etmir. Münaqişənin gərginləşməsinin məsuliyyəti isə məhz Ermənistanın üzərinə düşür.
Ötən əsrin 90-cı illərində informasiyanın ötürülməsi çətinliyi ilə qarşılaşan Azərbaycanın Ermənistanın işğalçı siyasətini dünyaya çatdıra bilmədiyini xatırladan A.Matsunaqa bildirib ki, hazırda mövcud olan internet və sosial şəbəkələr həqiqətin dünyaya çatdırılmasına böyük imkan yaradıb. Azərbaycan məhz bu vasitələrdən istifadə edərək münaqişə barədə həqiqətləri bütün dünyaya çatdırmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var